NATO: ABŞ-nin Avropadan 5 min hərbçini çıxarması alyansın müdafiəsini zəiflətməyəcək

2026/05/1779211183.jpg
Oxunub: 410     21:18     19 May 2026    
ABŞ-nin Avropadan təxminən 5 min hərbçidən ibarət zirehli briqadanı çıxarmaq qərarı alyansın regiondakı müdafiə planlarını zəiflətməyəcək.

Ordu.az xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin ali baş komandanı Aleksus Qrinkeviç “Reuters” agentliyinə açıqlamasında bildirib.

Qrinkeviç Brüsseldə NATO ölkələrinin Baş Qərargah rəisləri ilə görüşdən sonra çıxışında vurğulayıb ki, Avropalı müttəfiqlər və Kanada tədricən Avropanın ənənəvi müdafiəsi üzrə daha çox məsuliyyət götürürlər, ABŞ isə əsas hərbi imkanları təmin etməyə davam edir.

Onun sözlərinə görə, NATO təhlükəsizlik strukturunda ABŞ-nin rolu mərhələli şəkildə dəyişəcək.

“Avropa komponenti gücləndikcə, bu, ABŞ-yə Avropadakı mövcudluğunu azaltmağa və yalnız müttəfiqlərin hələ özlərinin təmin edə bilmədiyi kritik imkanlara fokuslanmağa şərait yaradır”, - deyə Qrinkeviç qeyd edib.

O bildirib ki, ABŞ hərbi iştirakının azalmasının dəqiq vaxtını demək mümkün deyil, lakin proses mərhələli olacaq və “bir neçə il” davam edəcək.

Açıqlama NATO daxilində müdafiə yükünün ABŞ və Avropa ölkələri arasında yenidən bölüşdürülməsi ilə bağlı müzakirələrin davam etdiyi və qlobal təhlükəsizlik sahəsində qeyri-sabitliyin artdığı bir vaxtda səsləndirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   ABŞ   Avropa  


Bizi "telegram"da izləyin