Pentaqon ABŞ-də süni zəka tərtibatçıları ilə sistemlərinin döyüş tətbiqi barədə razılığa gəlib

2026/04/1777534670.jpg
Oxunub: 366     17:57     01 May 2026    
ABŞ Müharibə Nazirliyi süni zəka sahəsində fəaliyyət göstərən aparıcı amerikalı tərtibatçılarla onların sistemlərinin döyüş tətbiqi barədə razılıq əldə edib.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun yazılı bəyanatında qeyd olunub.

Sənəddə bildirildiyinə görə, ABŞ hərbi qurumu süni zəka sahəsində işləyən dünyanın yeddi aparıcı şirkəti “SpaceX”, “OpenAI”, “Google”, NVIDIA, “Reflection”, “Microsoft” və “Amazon Web Services” ilə onların “qabaqcıl süni zəka potensialını” “gizli statuslu [kompüter] şəbəkələrində yerləşdirmək” üçün razılaşmalar bağlayıb. Bəyanatda izah edildiyi kimi, bu sistemlərin döyüş əməliyyatlarında, kəşfiyyat sahəsində və ümumilikdə Pentaqonun fəaliyyətinin təmin olunmasında istifadəsi nəzərdə tutulur. Vurğulanıb ki, Pentaqon təchizatçıların öz istəklərinə uyğun olaraq sifarişçinin bu sistemlərə çıxışını məhdudlaşdırmasına imkan verməyən süni zəka arxitekturasını qurmağa davam edəcək.

Daha əvvəl ABŞ Müharibə Nazirliyi süni zəka sahəsində fəaliyyət göstərən “Anthropic” şirkətinə “təchizat zəncirləri üçün təhdid” statusu verərək onunla işgüzar əlaqələri faktiki olaraq dayandırmışdı. ABŞ Prezidenti Donald Tramp bütün federal qurumlara şirkətin məhsullarından istifadəni dayandırmağı tapşırmışdı. Münaqişənin səbəbi Pentaqonun “Anthropic”in süni zəka əsaslı məhsullarını “bütün qanuni məqsədlər üçün” istifadə etmək istəyi olmuşdu. Şirkət rəhbərliyi isə Pentaqona belə imkanları verməkdən imtina edərək iki istisna tələb təqdim etmişdi: onların ölkə daxilində kütləvi nəzarət üçün və ölümcül avtonom silah sistemlərinin (döyüş robotları) yaradılması üçün istifadə edilməməsi.

Belə ciddi fikir ayrılıqları Pentaqon ilə təkcə “Anthropic” arasında olmayıb. Aprelin 28-də “The Washington Post” qəzeti yazmışdı ki, “Google” şirkətinin yüzlərlə əməkdaşı rəhbərlikdən ABŞ Müharibə Nazirliyinin korporasiyanın süni zəka texnologiyalarından məxfi işlər üçün istifadə etməsini qadağan etməyi tələb edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   ABŞ   SZ  


Bizi "telegram"da izləyin