Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti ABC telekanalı və “Ipsos” sosioloji xidməti ilə birgə keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat yayıb.
Araşdırmaya görə, amerikalıların 61 faizi İrana qarşı hərbi güc tətbiqinin səhv olduğunu hesab edir, ABŞ vətəndaşlarının 10 nəfərindən təxminən 2-si ölkənin İrandakı fəaliyyətlərini uğurlu qiymətləndirir, 10 nəfərdən 4-ü isə İran İslam Respublikasına qarşı əməliyyatı uğursuz adlandırır. Respublikaçılar arasında sorğu iştirakçılarının 79 faizi İrana endirilən zərbələri düzgün qərar kimi qiymətləndirib, müstəqil seçicilərin 56 faizi də eyni fikirdədir. Eyni zamanda onların 46 faizi Vaşinqtonun fəaliyyətlərini səhv hesab edir.
Qəzetin yazdığına görə, 1971-ci ildə “Gallup International” tərəfindən keçirilən sorğuda amerikalıların 61 faizi ABŞ-nin Vyetnama qoşun göndərməsini səhv addım hesab etmişdi. 2006-cı ildə “The Washington Post” və ABC News tərəfindən aparılan araşdırma isə göstərmişdi ki, ABŞ vətəndaşlarının 59 faizi İraq müharibəsini səhv hesab edir.
“The Washington Post”, ABC və “Ipsos”un nəticələrinə görə, amerikalıların 48 faizi İranla sülh sazişi bağlanmasını üstün tutur, hətta bu, ABŞ üçün daha pis şərtlərlə nəticələnsə belə, 46 faiz isə “İrandan daha yaxşı razılaşma əldə etməyi, hətta bunun [ABŞ-nin] İrana qarşı hərbi əməliyyatlarının yenidən başlanması demək olsa belə” istəyir. Birinci variantı müstəqil seçicilərin 50 faizi 39 faizə qarşı dəstəkləyir, demokratların isə 76 faizi bu mövqedədir.
Sorğu həmçinin göstərib ki, amerikalıların 46 faizi ABŞ Prezidenti Donald Trampın İrana zərbə endirmək qərarını onun 2024-cü il seçki kampaniyası zamanı xarici müharibələrə qoşulmamaq vədinin pozulması kimi qiymətləndirir. Respublikaçıların 10 nəfərindən 2-si də eyni fikirdədir, 10 nəfərdən 3-ü isə cavab verməkdə çətinlik çəkib. Respondentlərin 56 faizi hesab edir ki, ABŞ administrasiyasının fəaliyyəti ölkənin müttəfiqlərlə münasibətlərinin pisləşməsi riskini artırır. Bu, həmçinin Trampın ABŞ əməliyyatlarına reaksiyalarına görə Avropa ölkələrini tənqid etməsi və İranın cavab zərbələrindən zərər çəkmiş Fars körfəzi regionundakı amerikalı müttəfiqlərlə bağlıdır.
Bundan əlavə, “The Washington Post”un yazdığına görə, ABŞ-nin fevraldan etibarən İrana qarşı əməliyyatlara başlamasından sonra “maliyyə baxımından geridə qaldığını” bildirən amerikalıların payı 17 faizdən 23 faizə yüksəlib.
Sorğu aprelin 24-28-də keçirilib. Sorğuda 18 yaşdan yuxarı 2560 amerikalı iştirak edib. Səhv payı 2 faiz təşkil edib.
Sevinc Əliyeva
Ordu.az