Ordu.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Onun sözlərinə görə, bu məbləğ Pentaqon rəsmilərinin açıqladığı rəqəmdən dörd dəfə çoxdur.
“Pentaqon yalan danışır. İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən başlanan avantüra indiyədək Amerikaya 100 milyard dollarlıq birbaşa xərclərə başa gəlib. Bu, açıqlanan rəqəmdən dörd dəfə çoxdur”, - deyə Əraqçi “X” sosial şəbəkəsində yazıb.
“Vergi ödəyiciləri üçün dolayı xərclər daha da yüksəkdir. Hər bir Amerika ev təsərrüfatı üçün aylıq hesab 500 dollar təşkil edir və sürətlə artır”, - deyə o əlavə edib.
ABŞ Konqresinin Nümayəndələr palatasının Silahlı qüvvələr komitəsində keçirilən dinləmələr zamanı Pentaqon nümayəndələri “Epik qəzəb” əməliyyatının dəyərini təxminən 25 milyard dollar qiymətləndiriblər.
Lakin “CBS News”un mənbələri bildirib ki, bu rəqəmə yalnız sursat xərcləri daxildir.
CNN və “CBS News” mənbələrinin məlumatına görə, hazırda əməliyyatın ümumi dəyəri 50 milyard dollara yaxınlaşır.
Bu məbləğə təkcə istifadə olunan sursat deyil, həm də zədələnmiş və ya məhv edilmiş hərbi texnika və müxtəlif obyektlər üzrə zərərlər daxildir.
Sevinc Əliyeva
Ordu.az