İranın məhkəmə hakimiyyətinin rəhbəri bildirib ki, Tehran heç vaxt danışıqlardan imtina etməyib

2026/04/1777437793.jpg
Oxunub: 410     14:29     01 May 2026    
İran hakimiyyət orqanları hər zaman dialoqa hazırdır, lakin bu, yalnız real mövqelərdən aparıldığı halda məna kəsb edir.

Ordu.az xəbər verir ki, bu barədə İranın məhkəmə hakimiyyətinin rəhbəri Qolam Hüseyn Mohseni-Ecei bildirib.

“İran İslam Respublikası heç vaxt danışıqlardan yayınmayıb. Biz həmişə onları alqışlamışıq, lakin yalnız məntiq və ağıl üzərində qurulan danışıqları qəbul edirik. Təzyiqi və məcburi şərtləri qəbul etmirik”, - deyə o bildirib.

Mohseni-Eceinin sözlərinə görə, əgər İranın rəqibləri təhdidlər və döyüş meydanında öz məqsədlərinə çata bilməyiblərsə, bunu danışıqlar masası arxasında da edə bilməyəcəklər. O həmçinin bildirib ki, İran hakimiyyəti ABŞ və İsrailin İrana hücumu ilə bağlı hüquqi addımları, o cümlədən beynəlxalq platformalarda davam etdirəcək və bu addıma görə məsul şəxsləri məhkəmə qarşısına çıxarmağa, eləcə də kompensasiya almağa çalışacaq.

Keçən həftənin sonunda ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, İranla üz-üzə danışıqlar üçün səfərlər çox vaxt və resurs tələb edir, buna görə də telefon əlaqəsinə üstünlük verərdi. Vaşinqton və Tehran nümayəndələrinin İslamabadda keçirilməsi gözlənilən növbəti birbaşa danışıqları baş tutmayıb.

“The New York Times” qəzeti aprelin 28-də bir neçə mənbəyə istinadən yazmışdı ki, Tramp İranın Hörmüz boğazının açılmasını nəzərdə tutan, lakin nüvə proqramı məsələsini sonrakı danışıqlara saxlayan təklifini qəbul etməyəcək. Daha sonra Tramp bəyan etmişdi ki, özündən və daha bir neçə şəxsdən başqa heç kim İranla danışıqların real vəziyyətindən xəbərdar deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ecei   İran  


Bizi "telegram"da izləyin