Ordu.az xəbər verir ki, Tailand Kral Donanması inventarda olan AWAV 8×8 zirehli təkərli amfibiya maşınlarının sayını artırmaq üçün yeni tədarük prosesinə başladığını açıqlayıb.
Kral Donanmasının açıqlamasında sözügedən tədarük addımının sərhəd təhlükəsizliyində əməliyyat hazırlığını gücləndirmək, dəniz suverenliyini qorumaq və fəlakət yardım tapşırıqlarında effektivliyi artırmaq baxımından strateji zərurət olduğu bildirilib.
Banqkok tərəfindən yayılan xəbərə görə, ilk dəfə 2023-cü ildə Banqkokda keçirilən “Defense & Security” sərgisində təqdim edilərək Tailand müdafiə sənayesində böyük rezonans doğuran AWAV 8×8 parkın amfibiya əməliyyat ehtiyaclarını qarşılamaqda kritik rol oynayır. Tailand Kral Donanmasının sözçüsü, kontr-admiral Pasuk Rattanachaiyaphan aprelin 27-si bazar ertəsi donanma qərargahında verdiyi açıqlamada “Chaiseri”dən ediləcək bu əlavə tədarükün aktual təhlükəsizlik dinamiklərinə uyğun olaraq donanmanın gələcək əməliyyat qabiliyyətlərini ən yüksək səviyyəyə çıxaracağını bildirib.
Kontr-admiral Pasuk platformanın texniki qabiliyyətləri ilə bağlı açıqlamasında maşının ballistik və mina qoruması baxımından NATO STANAG standartlarına cavab verdiyini vurğulayıb. O, həmçinin platformanın donanmanın komanda-idarəetmə şəbəkəsinə tam inteqrasiya edilmiş pulemyotlar, atəş idarəetmə sistemləri və müasir rabitə avadanlıqları ilə təchiz edildiyini də qeyd edib. Hərbi standartlara uyğun (MIL-STD) ekoloji dayanıqlıq sınaqlarından uğurla keçən AWAV 8×8 həm dəniz, həm də quru əməliyyatlarında çoxfunksiyalılığını sübut edib.
Bundan əlavə, xəbərə görə, AWAV 8×8 Tailand mühəndisləri tərəfindən yerli işçi qüvvəsi və istehsal gücündən istifadə edilərək hazırlanmış orijinal platforma kimi önə çıxır. Tailand Kral Donanması maşının istehsal dəyərinin ən azı 40 faizinin yerli mənbələrdən təmin olunduğunu, bunun tədarük zəncirini dəstəklədiyini, xarici asılılığı azaltdığını və uzunmüddətli sənaye təhlükəsizliyini gücləndirdiyini vurğulayır.
Əməliyyat performansı və inteqrasiya
Müxtəlif ərazi şəraitində yüksək hərəkət qabiliyyəti təqdim edən AWAV 8×8 donanmanın doklu desant gəmiləri (LPD) ilə birgə əməliyyatlarda tapşırıq icra edə biləcək şəkildə optimallaşdırılıb. Tailand Kral Donanması tərkibində hazırda yeddi ədəd AWAV maşını xidmət göstərir və həyata keçirilən əməliyyat qiymətləndirmələi maşınların yüksək hazırlıq səviyyəsini qoruyaraq ön xətt tələblərini uğurla qarşıladığını və üstün performans nümayiş etdirdiyini təsdiqləyib.
Sevinc Əliyeva
Ordu.az