Rumıniya “Rheinmetall”ın “Lynx” zirehli maşınlarını tədarük edəcək

2026/05/1777632588.jpg
Oxunub: 307     14:47     01 May 2026    
Rumıniya 2,6 milyard avro dəyərindəki tədarük proqramı çərçivəsində “Rheinmetall Lynx KF41” zirehli döyüş maşınlarını tədarük edəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, proqram çərçivəsində 232 tırtıllı platforma Avropa İttifaqının SAFE maliyyələşdirmə mexanizmi üzərindən tədarük ediləcək. Bundan əlavə, 66 ədəd əlavə platforma milli büdcə imkanları ilə inventara daxil ediləcək.

Təklif parlamentin təsdiqinə təqdim edilərkən, müqavilənin imzalanmasından sonra təhvilin səkkiz il ərzində tamamlanması planlaşdırılır.

Sözügedən alış Rusiyanın Ukraynaya müdaxiləsindən sonra artan regional təhlükəsizlik narahatlıqları istiqamətində aparılan daha genişmiqyaslı modernləşdirmə prosesinin bir hissəsi kimi qiymətləndirilir.

Rumıniya qurumları hazırda silahlı qüvvələrin bütün qoşun komandanlıqlarını əhatə edən çoxsaylı tədarük proqramlarını eyni vaxtda həyata keçirir.

Tenderdə CV90 (BAE Systems), K21 “Redback” (Hanwha Aerospace) və ASCOD 2 (General Dynamics European Land Systems) platformaları da yarışıb.

“Lynx KF41” çoxməqsədli tapşırıqlar üçün hazırlanmış modul zirehli maşın kimi önə çıxır. Maşın 3 nəfərlik heyətlə yanaşı, 8 şəxsi heyəti daşıya bilir və təxminən 65 km/saat maksimal sürətə çata bilir.

“Lance 2.0” qüllə sistemi və 35 mm-lik topla təchiz edilən platforma “Spike LR2” tank əleyhinə raketləri, “gəzən sursat”, radioelektron mübarizə sistemləri və pilotsuz uçuş aparatları kimi müxtəlif sistemlərin inteqrasiyasına imkan yaradır.

“Lynx KF41”də tank əleyhinə idarəolunan raketlər kimi təhdidlərə qarşı aktiv, passiv və reaktiv qoruma təbəqələrini əhatə edən çox təbəqəli zireh quruluşu mövcuddur.

Rəsmilər sözügedən tədarükün Rumıniya Quru Qoşunlarının döyüş qabiliyyətini artırmağı və müttəfiq qüvvələrlə qarşılıqlı fəaliyyət imkanını gücləndirməyi məqsəd qoyduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   Rheinmetall   Lynx  


Bizi "telegram"da izləyin