Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Türkiyənin rabitə və müşahidə peyklərinin olduğunu qeyd edən Atalay dövlət, özəl sektor və akademiya çərçivəsində uğurlu kosmos ekosisteminin qurulduğunu bildirib.
Atalay peyk sektorunun kommersiya deyil, strateji sahə olduğuna diqqət çəkərək başqa peyklərin də hazırda istehsal olunduğunu ifadə edib.
Türkiyənin bu sahədə varlıq göstərməsinin böyük əhəmiyyət daşıdığını vurğulayan Atalay belə danışıb: “Bundan sonra hədəfimiz hər sahədə daim dünyada ilk 10-luqda olmaqdır. İlk 10-luqdan aşağısı bizi qane etmir. Bu çərçivədə bizi bir addım daha irəli aparacaq “Türksat 7A” layihəsində kağız işi bitdi, texniki şərtlər tamamlanmaq üzrədir. Yəqin ki, gələn ay final variantı tərəfdaşlarla paylaşılacaq, bundan sonra isə artıq istehsal mərhələsinə keçmiş olacağıq”.
“Milli buraxılış” hədəfi
Atalay Türkiyənin Somalidə qurmağa başladığı “Kosmos Limanı Layihəsi”ndə tərəfdaş olduqlarını bildirərək TÜRKSAT olaraq lazım olan hər cür dəstəyi verəcəklərini dilə gətirib.
Peyk buraxılış sistemlərindəki qlobal məhdudiyyətlərə və xaricdən asılılığın yaratdığı risklərə toxunan Atalay buraxılış şirkətlərinin yük məzmunlarına müdaxilə edə bildiyini bildirib.
Atalay mövcud sistemdə buraxılış şirkətlərinin peyklərin texniki məzmununu yoxlayaraq hərbi yük kimi kritik komponentlərin mövcudluğu halında buraxılış xidməti göstərməkdən imtina edə bildiyini ifadə edib.
Xərclərin yüksəkliyi ilə yanaşı, qlobal sıxlıq səbəbindən buraxılış qrafiklərində bir ilə qədər gecikmələrin yaşana bildiyinə diqqət çəkən Atalay bunları qeyd edib:
“Türkiyənin öz buraxılış sistemini yaratmaq işləri bu nöqtədə həyati əhəmiyyət daşıyır. Öz buraxılış sistemimizi qurduğumuz zaman həm öz ehtiyaclarımızı istədiyimiz vaxt qarşılaya biləcəyik, həm də bu böyük bazarda pay sahibi olacağıq. TÜRKSAT olaraq milli buraxılış sistemimizdən istifadə edən ilk şirkət olmağı hədəfləyirik. Arzumuz hazırlıqları davam edən “Türksat 7A” peykimizi öz buraxılış sistemimizlə kosmosa göndərmək və bu prosesdən əvvəl infrastrukturumuzu hazır hala gətirməkdir”.
“Türksat 7A” haqqında
TÜRKSAT-ın kosmosdakı rabitə gücünü artırmaq hədəfi çərçivəsində “Türksat 7A” ilə bağlı maliyyə dəstəyini əhatə edən protokol şirkət ilə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Nəqliyyat, Dənizçilik və Rabitə Araşdırmaları Mərkəzi Başqanlığı arasında 2025-ci il iyunun 19-da imzalanmışdı.
Sözügedən protokolla “Türksat 7A”nın istehsal prosesinə dair nazirlik tərəfindən göstəriləcək dəstəyin çərçivəsi müəyyən edilib.
“Türksat 7A” layihəsinə 42 dərəcə şərq orbitində fəaliyyət göstərən “Türksat 3A” peykinin layihə ömrünün sona yaxınlaşması səbəbindən başlanılıb.
2029-cu ildə xidmətə verilməsi planlaşdırılan bu peykin daha yüksək məlumat tutumu, daha güclü əhatə sahəsi və çevik resurs idarəetmə qabiliyyəti ilə Türkiyənin rəqəmsal gələcək vizyonunun daşıyıcısı olması hədəflənir.
Sevinc Əliyeva
Ordu.az