Ordu.az xəbər verir ki, beşillik prosesdə 12 milyard dollardan çox büdcə ayrılan proqram yüksək intensivlikli münaqişələrdə geniş hədəf spektrinə qarşı davamlı zərbə gücü yaratmağı məqsəd qoyur.
Proqramın əhatəsi və büdcə planlaşdırması
Proqram çərçivəsində ümumilikdə 12,6 milyard dollarlıq çoxillik müqavilələrlə sursat tədarükü hədəflənir. İlk mərhələdə 2027-ci maliyyə ili üçün 355 milyon dollar büdcə ayrılaraq təxminən 1.000 raketin təmin edilməsi planlaşdırılır.
Sonrakı illərdə istehsal gücünün artırılması ilə birlikdə illik tədarük miqdarının və büdcənin mərhələli şəkildə yüksəlməsi nəzərdə tutulur. Bu yanaşma davamlı istehsal xətti və tədarük zənciri yaratmağı hədəfləyir.
İki fərqli konsepsiya önə çıxır
FAMM proqramı iki əsas operativ kateqoriyaya ayrılır. Bunlardan birincisi qırıcı təyyarələr və bombardmançı təyyarələr tərəfindən daşına bilən klassik hava bazalı sursatları əhatə edir. İkinci kateqoriya isə yük təyyarələrindən paletli sistemlərlə buraxılan sursat konsepsiyasına fokuslanır.
ABŞ Hərbi Hava Qüvvələrinin prioritetinin logistika platformalarından atəş açma qabiliyyəti təmin edən paletli sursat sistemləri olduğu bildirilir. Bu yanaşma mövcud hava platformalarının tapşırıq çevikliyini artırmağı hədəfləyir.
Texniki tələblər və mənzil hədəfi
Mövcud tələblərə uyğun olaraq hazırlanacaq raketlərin 250-500 mil (təxminən 400-800 kilometr) mənzil aralığında hədəf nişanalaması həyata keçirməsi planlaşdırılır. Proqramın sonrakı mərhələlərində daha uzun mənzil və görüş xətti xaricində (BLOS) rabitə imkanlarının əlavə edilməsi də qiymətləndirilir.
Bundan əlavə, ABŞ Hərbi Hava Qüvvələri daha uzunmənzilli variant üçün də məlumat sorğusu təqdim edib. “Beyond Adversary Reach” adlandırılan bu konsepsiyanın 1.200 mildən (təxminən 1.900 kilometr) artıq mənzilə malik olması, ən azı 537 mil/saat sürətlə hərəkət etməsi və müxtəlif platformalardan buraxıla bilməsi hədəflənir.
Çoxplatformalı inteqrasiya
Planlaşdırılan sistemlərin qırıcı təyyarələr, bombardmançı təyyarələr, yük təyyarələri, dəniz platformaları və quruda yerləşən buraxılış qurğuları daxil olmaqla çoxsaylı platforma ilə inteqrasiya olunmuş şəkildə işləyə biləcək formada hazırlanması nəzərdə tutulur.
Bu yanaşma birgə əməliyyat mühitində çevik istifadə və çox təbəqəli müdafiə strukturları daxilində effektiv tapşırıq icrası baxımından kritik əhəmiyyət daşıyır.
ABŞ Hərbi Hava Qüvvələrindən qiymətləndirmə
ABŞ Hərbi Hava Qüvvələrində xidmət edən general-leytenant Maykl G. Koşeski əvvəlki “Franklin” proqramına istinad edərək deyib: “Təxminən 500 mil mənzilə çata bilən və bir gəmiyə ciddi ziyan vura biləcək 100 min dollarlıq sursat hazırlamağı hədəfləmişdik”.
Sevinc Əliyeva
Ordu.az