Rusiya “Drujba” neft kəməri ilə Qazaxıstan neftinin Almaniyaya tranzitini dayandırır

2026/05/1777628990.jpg
Oxunub: 363     13:41     01 May 2026    
Rusiya mayın 1-dən “Drujba” magistral neft kəməri ilə Qazaxıstan neftinin Almaniyaya tranzitini dayandırır.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Bu, hazırda mövcud texniki imkanlarla bağlıdır”, - deyə daha əvvəl jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib. Onun sözlərinə görə, “Drujba” kəməri ilə Almaniyaya daşınan qazax nefti mayın 1-dən digər sərbəst logistika istiqamətlərinə yönləndiriləcək.

Qazaxıstanın energetika nazirinin müşaviri, nazirliyin rəsmi nümayəndəsi Asel Serikpayeva bildirib ki, ölkə “Drujba” sistemi ilə daşınmaların dayandırılması səbəbindən may ayında 260 min ton nefti alternativ marşrutlarl, Ust-Luqa limanına (Baltik dənizi) və Xəzər Boru Kəməri Konsorsiumunun sisteminə yönləndirəcək.

“Daşınma marşrutlarının dəyişməsi neft hasilatının illik planının icrasına təsir etmir. Mövcud nəqliyyat infrastrukturu Qazaxıstana ixracın sabitliyini və xammalın dünya bazarlarına fasiləsiz tədarükünü tam təmin etməyə imkan verir”, - deyə o qeyd edib.

Qazaxıstan 2023-cü ildən “Transneft” ASC “Adamova Zastava” təhvil məntəqəsinə qədər magistral neft kəmərləri sistemi ilə Almaniyaya neft tədarük edirdi. 2026-cı ilin birinci rübündə Qazaxıstan bu ölkəyə ixracı iki dəfə artıraraq 730 min tona çatdırıb. 2025-ci ildə Almaniyaya qazax neftinin tədarük həcmi (Şvedt şəhərindəki neft emalı zavodu) 2,1 milyon ton təşkil edib. Cari ildə “Drujba” kəməri ilə təxminən 3 milyon ton neftin daşınması planlaşdırılırdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Drujba   Qazaxıstan  


Bizi "telegram"da izləyin