Ordu.az xəbər verir ki, bu barədə Amerika analitik mərkəzinin məlumatlarına istinadən “Al Jazeera” məlumat yayıb.
Martın 26-da hökumətin televiziya ilə yayımlanan iclasında çıxış edən ABŞ-nin müharibə naziri İranla davam edən müharibədə ölkənin hərbi uğurları ilə öyünüb. “Tarixdə heç vaxt hər hansı bir ölkənin ordusu bu qədər tez və effektiv şəkildə zərərsizləşdirilməyib”, - deyə o, ABŞ-nin prezidenti Donald Trampın yanında oturaraq bildirib.
Artıq ertəsi gün İran Səudiyyə Ərəbistanında yerləşən ABŞ hərbi bazasına raketlər və pilotsuz uçuş aparatları buraxıb, nəticədə bir neçə amerikalı hərbçi yaralanıb və 700 milyon dollar dəyərində radiolokasiya müşahidə təyyarəsi məhv edilib.
Bu, tək hal deyil. İranın raketləri və pilotsuz uçuş aparatları, həmçinin “dost atəşi” adlandırılan bir dağıdıcı hadisə 2,3-2,8 milyard dollar dəyərində ABŞ hərbi texnikasını məhv edib. Bunu Vaşinqtonda yerləşən “Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi” (CSIS) hesablayıb.
CSIS-in qiymətləndirməsi bu müharibədə ABŞ itkilərinin iri beynəlxalq tədqiqat təşkilatı tərəfindən aparılmış ilk ətraflı hesablamasıdır. Müharibə fevralın 28-də başlayıb. Bu barədə ilk olaraq “Al Jazeera” məlumat verib.
Qiymətləndirmə regiondakı Amerika bazalarının, həmçinin xüsusi avadanlıqların və ya hərbi-dəniz vasitələrinin itkilərini əhatə etmir.
Hesablamaları CSIS-in müdafiə və təhlükəsizlik bölməsinin baş müşaviri Mark Kansian aparıb. O bildirib ki, həmçinin Fars körfəzində ABŞ bazalarına vurulan ziyanı da araşdırır, lakin bu daha çətin olub. Peyk şəkilləri təqdim edən “Planet Labs” şirkəti ABŞ hökumətinin tələbi ilə fevralın 28-dən etibarən görüntülərin ictimaiyyət və KİV üçün əlçatanlığını məhdudlaşdırıb. Eyni zamanda İranın peyk görüntüləri əlçatan olaraq qalır.
“Yuxarıdan çəkilmiş şəkillərlə hansı binaların vurulduğunu görmək mümkündür. Amma həmin binaların içində nə olduğunu anlamaq çətindir”, - deyə Kansian ABŞ bazaları barədə bildirib.
İtkilərin bir hissəsi “dost atəşi” nəticəsində baş verib. Belə hadisələrdən birində martın əvvəlində Küveytdə üç F-15 qırıcı təyyarəsi vurulub.
Lakin müharibədə məhv edilən Amerika təyyarələrinin və radiolokasiya sistemlərinin əksəriyyəti İran tərəfindən vurulub. Xüsusilə iki hadisə diqqət çəkir.
Martın 1-də ABŞ ən azı bir güclü raketdən müdafiə radiolokasiya stansiyasını itirib. Bu stansiya THAAD sistemi tərəfindən raketləri və bəzi hipersəs təhdidlərini aşkar etmək, həmçinin digər müdafiə sistemlərinə istiqamətləndirmə məlumatları ötürmək üçün istifadə olunur. Bəzi məlumatlara görə, belə iki RLS məhv edilib. Ümumi itki 485 milyondan 970 milyon dollara qədər qiymətləndirilir. Dəqiq yer göstərilmir. ABŞ Silahlı Qüvvələri Fars körfəzində THAAD sistemlərinin yerləşdirildiyi bir neçə ölkədə mövcuddur.
Sevinc Əliyeva
Ordu.az