Avropa İttifaqı Serbiyanın maliyyələşdirilməsini dayandırıb

2026/05/1777615674.jpg
Oxunub: 364     10:00     01 May 2026    
Avropa İttifaqı ölkənin məhkəmə sistemində qeydə alınan geriləmə səbəbindən inkişaf proqramı üzrə Serbiyaya nəzərdə tutulan bütün ödənişləri dayandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Friburqda keçirilən konfransda Avropa İttifaqının genişlənmə məsələləri üzrə avrokomissarı Marta Kos bildirib.

“Bu düzəldilməyənə qədər ölkə Avropa İttifaqının maliyyə dəstəyini ala bilməz”, - deyə o vurğulayıb (sitat RTRS-ə əsasəndir). Kos əlavə edib ki, ölkə Avropa İttifaqına daxil olmaq astanasında olarkən “eyni vaxtda iki stulda otura” bilməz.

Daha əvvəl, aprelin 10-da “Politico” yazmışdı ki, Avropa İttifaqı demokratik proseslərdə geriləmə və Moskva ilə sıx əlaqələr səbəbindən Serbiyanı 1,5 milyard avroyadək maliyyələşmədən məhrum edə bilər. “Serbiyada məhkəmə hakimiyyətinin müstəqilliyini sarsıdan qanunlardan tutmuş etirazçılara qarşı təzyiqlərə və müstəqil medianın fəaliyyətinə müdaxiləyə qədər baş verənlərlə bağlı narahatlığımız artır”, - deyə Kos o zaman bildirmişdi.

Serbiya Avropa İttifaqının üzvü deyil, lakin 2014-cü ildən üzvlük danışıqları aparır və hüquqi islahatlar həyata keçirmək üçün qrantlar almaq hüququna malikdir. Ukraynada müharibə başlayandan sonra Vuçiç avrointeqrasiya kursu (Brüsseldən maliyyələşmə alaraq) ilə indiyədək sanksiya tətbiq etmədiyi Rusiya ilə sıx əlaqələri qorumaq arasında balans yaratmağa çalışır. “Politico”nun mənbələrinin məlumatına görə, son həftələrdə Avropa Komissiyasının daxilində Belqrada vəsait ayrılmasını dayandırmaq cəhdləri edilib.

Bundan başqa, Avropanın Belqraddan narazılığı fonunda aprelin 27-də məlum olub ki, Serbiya Çeçenistan rəhbəri Ramzan Kadırovun qardaşı oğlu Yakub Zakriyevə pasport verib. Sənəd biznes, elm, idman və ya incəsənət sahələrində fərqlənmiş şəxslərə tətbiq olunan xüsusi qaydada alınıb (üstəlik, ölkədə yaşamaq və başqa vətəndaşlıqdan imtina etmək tələb olunmur). Kadırovun qohumunun konkret hansı xidmətinə görə belə şərəfə layiq görüldüyü aydın deyil. Lakin artıq ertəsi gün, KİV-də qalxan səs-küydən sonra Serbiya hökuməti Zakriyevin vətəndaşlığını ləğv edərək bəyan edib ki, o, “milli təhlükəsizlik üçün mümkün təhdid kimi nəzərdən keçirilə bilər”.

2021-ci ildən 2024-cü ilədək Avropa İttifaqı Serbiyaya əvəzsiz qrantlar şəklində 586 milyon avrodan çox vəsait ayırıb. 2000-ci ildən etibarən ölkə Avropadan maliyyələşmə və investisiyalar formasında 7 milyard avrodan çox vəsait alıb, Serbiya hökuməti bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Serbiya  


Bizi "telegram"da izləyin