Ukrayna və beş Avropa ölkəsi müdafiə satınalmaları üzrə koalisiya yaradıblar

2026/04/1777572460.jpg
Oxunub: 469     22:08     30 Aprel 2026    
Ukrayna və daha beş Avropa ölkəsi CORPUS (Coalition for Resilient Procurement and Unified Support) adlı müdafiə satınalmaları koalisiyası yaradıblar.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Ukraynanın Müdafiə Nazirliyinin məlumatına görə, müdafiə satınalmaları sahəsində çoxmillətli koalisiyanın yaradılması haqqında memorandum Kiyevdə imzalanıb. Memoranduma Ukrayna Müdafiə Nazirliyinin Müdafiə Satınalmaları Agentliyi, həmçinin Finlandiya, İtaliya, Norveç, İsveç və Böyük Britaniyanın satınalma qurumları daxildir.

Nazirlik bildirib ki, CORPUS tərəfdaş ölkələrin satınalma agentliklərini birləşdirən geniş şəbəkəyə çevriləcək və satınalma planlaşdırmasının yaxşılaşdırılmasına, etibarlı təchizat zəncirlərinin inkişafına, zəif nöqtələrin müəyyənləşdirilməsinə, təcrübə mübadiləsinə və qarşılıqlı gücləndirməyə imkan verəcək.

Müdafiə Satınalmaları Agentliyinin direktoru Arsen Jümadilov bildirib ki, təşəbbüs Ukraynaya tammiqyaslı müharibə zamanı əldə olunmuş təcrübəni genişləndirmək imkanı verir, tərəfdaşlar isə real şəraitdə işləyən praktiki həllərə çıxış əldə edəcəklər.

Koalisiya digər tərəfdaş ölkələr üçün açıqdır, lakin bunun üçün memorandumun imzalanması və direktorlar şurasının yekdil dəstəyi tələb olunur.

Jümadilov ilk il ərzində CORPUS-a rəhbərlik edəcək, daha sonra rəhbərlik iştirakçıların yekdil qərarı ilə rotasiya əsasında dəyişəcək.

Bu həftə Avropa İttifaqı Ukrayna üçün hərbi texnologiyaların sınağı üçün platforma da işə salıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Avropa   CORPUS  


Bizi "telegram"da izləyin