ABŞ Ukraynaya 400 milyon dollarlıq hərbi yardımı açıb

2026/04/Ekran-1777572409.jpg
Oxunub: 393     22:05     30 Aprel 2026    
Pentaqon ABŞ Konqresi tərəfindən daha əvvəl təsdiqlənmiş Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım paketini açıb.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Departament bu vəsaitin ayrıldığını təsdiqləyib. Bu, Senatın Müdafiə Xərcləri Komitəsinin rəhbəri senator Mitç Makkonnellin tənqidindən sonra baş verib.

Nümayəndələr Palatasının komitəsi qarşısında çıxış edən Pentaqon rəhbəri Pit Heqset bildirib ki, maliyyə artıq köçürülüb.

“Bu vəsaitlər Avropa ölkələrinin imkanlarını gücləndirmək üçün ayrılmışdı və dünən köçürüldü”, - deyə o, əlavə detallara varmadan qeyd edib.

Bir gün əvvəl “The Washington Post” üçün yazdığı məqalədə senator Makkonnell bildirib ki, bir neçə ay əvvəl təsdiqlənmiş ABŞ yardımı Pentaqonda “tozlanırdı”.

Onun sözlərinə görə, komitənin ABŞ müharibə nazirinin siyasət üzrə müavini Elbric Kolbidən izahat alma cəhdləri “rədd cavabı” ilə nəticələnib. Senator qeyd edib ki, ötən il Ukraynaya silah tədarükünün dayandırılması qərarının arxasında məhz Kolbi dayanırdı.

Nümayəndələr Palatası qarşısında ifadə verən Pentaqonun müvəqqəti maliyyə rəhbəri Jules Hurst bildirib ki, bu vəsaitlər üzrə müqavilələr hələ imzalanmayıb.

O qeyd edib ki, bu 400 milyon dolların necə xərclənəcəyi Ukraynanın hansı silah və ya avadanlıq almaq istəməsindən asılı olacaq.

ABŞ-nin Ukraynaya yardımı

Yanvarda Konqres Ukrayna üçün əlavə 400 milyon dollarlıq uzunmüddətli hərbi yardımı təsdiqləyib, bu isə Pentaqonun ləğv etməyi planlaşdırdığı ayrı bir proqramın maliyyələşdirilməsini təmin edib.

Ukrayna Təhlükəsizlik Yardımı Təşəbbüsü (USAI) ABŞ şirkətləri ilə müqavilələr bağlanmasını nəzərdə tutur və bu müqavilələr əsasında istehsal olunan silahlar birbaşa Müdafiə Qüvvələrinə təhvil verilir. Ayrı-ayrı sifarişlərin yerinə yetirilməsi bəzən bir neçə il çəkə bilər.

Ötən ilin dekabrında ABŞ Konqresi Pentaqona Ukrayna üçün nəzərdə tutulmuş silahları özbaşına digər məqsədlərə yönəltməyi qadağan edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna   Pentaqon  


Bizi "telegram"da izləyin