Hindistan yerli zirehli platformasını təqdim etdi

2026/04/benme-1777538281.jpg
Oxunub: 374     12:31     30 Aprel 2026    
Hindistan Sovet dövründən qalma BMP-2 piyada döyüş vasitələrinin yerini tutması planlaşdırılan yerli zirehli vasitəni təqdim edib.

Ordu.az xəbər verir ki, Müdafiə Tədqiqatları və İnkişaf Təşkilatına (DRDO) bağlı Vasitə Tədqiqatları və İnkişaf Qurumu tərəfindən dizayn edilən və hazırlanan Qabaqcıl Zirehli Platforma tırtıllı və təkərli variantlarla təqdim olunur.

Platformanın yerli töhfə nisbəti təxminən 65% səviyyəsindədir, bu nisbətin 90%-ə çatdırılması planlaşdırılır.

“Bharat Forge Limited” və “Tata Advanced Systems Limited” tərəfdaşlığı ilə istehsal edilən platforma 7,62 mm koaksial pulemyot və tank əleyhinə idarəolunan raketləri inteqrasiya edən yerli istehsal 30 mm ekipajsız qülləyə malikdir.

Yüksək çıxış gücünə malik mühərrik və avtomatik transmissiya ilə təchiz edilən vasitə yüksək güc-çəki nisbəti, üstün hərəkət qabiliyyəti və STANAG 4-5-ci səviyyə modul partlayış və ballistik qoruma təqdim edir.

Amfibiya qabiliyyəti isə hidrojet sistemlərinin inteqrasiya edilməsi ilə daha da inkişaf etdirilə bilər.

Gələcəyin piyada döyüş vasitəsi proqramı

Gələcəyin Piyada Döyüş Vasitəsi (FICV) proqramı çərçivəsində Hindistan 1980-ci illərdə inventara daxil olan BMP-2 parkını yeniləməyi hədəfləyir.

“Bharat Forge” və “Tata” ilə yanaşı, “Larsen & Toubro”, “Mahindra Defence Systems” və dövlətə məxsus “Armoured Vehicles Nigam Limited” də layihədə yer alan digər namizədlər arasındadır.

2021-ci ildə yayımlanan məlumat sorğusu sənədində 1750 vasitəlik ehtiyac nəzərdə tutularkən, bütün variantlar və ehtiyatlar daxil edildikdə ümumi tələbin 2000-i aşa biləcəyi, hətta 3500-ün üzərinə çıxa biləcəyi qiymətləndirilir.

“The Times of India” qəzetinə danışan bir mənbə qeyd edib: “Ordu tərkibində BMP vasitələrindən istifadə edən “Brigade of the Guards” və Mexanikləşdirilmiş Piyada Alayına bağlı ümumilikdə 50 tabor var və hər bir bölmədə fərqli variantlarda təxminən 60-70 vasitə yer alır”.

Eyni mənbə bildirib: “Bu səbəbdən həm tırtıllı, həm təkərli versiyalar və ehtiyat vasitələr daxil edildikdə ümumi ehtiyac 3500-ün xeyli üzərinə çıxacaq”.

Mənbə, həmçinin vurğulayıb: “Əməliyyat ehtiyacları əraziyə görə dəyişir: Racastan və Qucarat kimi səhra və yarımsəhra bölgələrində tırtıllı vasitələrə üstünlük verilərkən, Pəncab düzənliklərində təkərli platformalar daha uyğundur. Həmçinin təkərli vasitələr dağlıq və enişli-yoxuşlu ərazilərdə üstünlük təmin edir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Zirehli-platforma  


Bizi "telegram"da izləyin