Cənubi Kipr Yunanıstanın “Leopard” təklifini rədd etdi: İsrail sistemləri tələb olunur

2026/04/dfgdf-1777538211.jpg
Oxunub: 396     12:26     30 Aprel 2026    
Yunanıstanın Cənubi Kiprə “Leopard” 1A5 tankları təklifi qəbul edilməyib.

Ordu.az xəbər verir ki, bu barədə Simerini” qəzeti məlumat yayıb.

“Simerini” qəzeti tərəfindən yayımlanan xəbərə görə, Cənubi Kipr İsrail istehsalı “Merkava Mk3” əsas döyüş tanklarını təchiz etmək istəyir. “Yannos Haralambidis”in əldə etdiyi məlumata görə, Cənubi Kipr yalnız “Merkava Mk3” tankları üçün deyil, eyni zamanda aşağı hündürlükdə hava hücumundan müdafiə ehtiyaclarının qarşılanmasına yönəlmiş müəyyən silah sistemləri üçün də Təl-Əvivlə daimi təmasdadır. Xəbərdə hədəfin türk pilotsuz uçuş aparatlarına qarşı çıxmaq olduğu da iddia edilir.

Xəbərə görə, zirehli birliklərin ehtiyaclarından əlavə, əsas hədəf hazırda mövcud olmayan, lakin mərhələli şəkildə qurulması planlaşdırılan inteqrasiya olunmuş “hava hücumundan müdafiə çətiri” yaratmaqdır. Bu yanaşmanın müasir müharibə mühitində xüsusilə pilotsuz uçuş aparatları və “gəzən sursat” təhdidlərinə qarşı hazırlandığı da bildirilir.

Yunanıstanın “Leopard” təklifi rədd edildi

“Leopard” 1A5 tankları ilə bağlı olaraq Yunanıstanın əlindəki sistemləri Cənubi Kiprə təhvil verə biləcəyinə dair xəbərlər ictimaiyyətə yansımış və bu tankların adada qurulacaq bir müəssisədə modernizasiya edilə biləcəyi iddia olunmuşdu. Lakin rəsmi mənbələr bu istiqamətdə qəbul edilmiş qərarın olmadığını və sözügedən istehsal/modernizasiya müəssisəsi planının bu mərhələdə gündəmdə olmadığını bildirirlər.

Xəbərə görə, bu təşəbbüs Cənubi Kipr Milli Qvardiya Ordusunun təcili ehtiyaclarını qarşılamağa yönəlmiş müvəqqəti seçim kimi gündəmə gəlib, Yunanıstan da tələb olunacağı halda öz inventarındakı “Leopard” 1A5 tanklarını təhvil verə biləcəyini ifadə edib. Bununla birlikdə uzun illərdir planlaşdırılan modernizasiya layihələrinin müxtəlif səbəblərlə həyata keçirilə bilməməsi səbəbindən “mövcud zəifliklərin” davam etdiyi bildirilir.

Digər tərəfdən, Lefkoşa administrasiyası Yunanıstan tanklarının mümkün modernizasiyasında vasitəçilərin (broker/vasitəçi şirkətlər) prosesə daxil olmasından və bu vəziyyətin xərcləri artırmasından narahatlıq duyur. Dövlətdən dövlətə (G2G) sazişlərə baxmayaraq, bəzi hallarda qiymətlərin bazar dəyərindən yuxarı, hətta şişirdilmiş ola biləcəyi qiymətləndirilir. Bu səbəbdən rəsmilər tələsik və ya müəyyən maraq qruplarına xidmət edə biləcək qərarların qəbul edilməyəcəyini vurğulayırlar.

“Merkava Mk3” əsas döyüş tanklarının təchizatına dair danışıqların Nikos Xristodulidis ilə Benyamin Netanyahu arasında aparıldığı da xəbərdə bildirilir. Bu kontekstdə tankların Cənubi Kiprə mümkün olan ən qısa müddətdə təhvil verilməsinin qarşısında ortaya çıxan əsas maneələrin Qəzzada həyata keçirilən əməliyyatlar və ardınca yaşanan İran qaynaqlı münaqişə prosesi olduğu bildirilir. Cənubi Kiprə verilməsi planlaşdırılan tankların aktiv birliklərdən deyil, İsrailin ehtiyat stoklarından təmin ediləcəyi də iddia olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Kipr   Yunanıstan   Leopard  


Bizi "telegram"da izləyin