İspaniyaya HÜRJET ixracında “yeni” detallar: 60 faiz nədir?

2026/04/1777375320.jpg
Oxunub: 502     11:54     30 Aprel 2026    
TUSAŞ tərəfindən hazırlanıb istehsal edilən qabaqcıl reaktiv təlim təyyarəsi HÜRJET-in İspaniyaya ixracı ilə bağlı Madriddəki “Airbus” müəssisələrində imzalanma mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Defenceturk.net” nəşri yazıb.

Nəşr qeyd edib ki, “Türk Havacılık ve Uzay Sanayii” (TUSAŞ) tərəfindən istehsal edilən Türkiyənin ilk milli qabaqcıl reaktiv təlim təyyarəsi HÜRJET-in İspaniya Hava və Kosmik Qüvvələrinin inventarına daxil edilməsinə dair rəsmi proses Madriddəki “Airbus” müəssisələrində keçirilən imzalanma mərasimi ilə tamamlanıb.

“Mərasimdə TUSAŞ rəsmiləri, İspaniya müdafiə təchizatı qurumları və “Airbus” nümayəndələri iştirak ediblər. İmzalanan müqavilə çərçivəsində HÜRJET İspaniyanın təlim təyyarəsi ehtiyacını qarşılamaq üçün Avropa səmalarında yerini alacaq. HÜRJET təyyarələrinin təchizatına dair bir çox fərqli fikir paylaşılarkən, mənbələrimdən əldə etdiyim məlumata görə, son vəziyyəti xülasə edəcəyəm.

Əvvəlcə HÜRJET təchizat proqramı İspaniyada ITC-S adlandırılır. Proqram 30 təyyarəlik bir parkın “ispanlaşdırılması”ndan əməliyyat və texniki xidmət üçün inteqrasiya olunmuş xidmət paketinin təqdim edilməsinə qədər ispan qırıcı pilotlarının bütün qabaqcıl təlim prosesini əhatə edir. SAETA II isə HÜRJET-in İspaniyadakı qarşılığıdır, yəni təyyarə İspaniyada SAETA II adlandırılacaq. Əsas vacib və müzakirələrə səbəb olan 60% iş payı məsələsinə aydınlıq gətirək. İspaniya Hava və Kosmik Qüvvələri HÜRJET-i inventarına daxil edərkən yalnız təyyarə deyil, tam bir ekosistem inkişaf etdirir, yeni inşa ediləcək transformasiya mərkəzləri, simulyatorlar, təlim mərkəzləri və sair daxil edildikdə ortaya çıxan iş payı 60%, yəni altmış faiz olacaq”, - deyə müəllif vurğulayıb.

Nəşr qeyd edib ki, qısaca, bu, HÜRJET-in istehsalındakı iş payını deyil, xidmətə qəbul edilib istismarı da daxil olmaqla bütün proseslərdə nəzərdə tutulan payı ifadə edir.

“Mərasimdən qeydlər:

Kritik inkişafı “Türkiyənin tarixində ilk dəfə insanlı və reaktiv mühərrikli hava vasitəsini ixrac etməsi baxımından son dərəcə mühüm dönüş nöqtəsi” kimi xülasə edən Müdafiə Sənayesi Komitəsinin rəhbəri professor, doktor Haluk Görgün belə açıqlamalar verib: “TUSAŞ-ın əsas podratçılığı altında onlarla şirkətimizin ortaq əməyi ilə istehsal edilən HÜRJET-lərimiz “Airbus İspaniya” və TUSAŞ tərəfindən İspaniya Hava və Kosmik Qüvvələrinin ehtiyacları istiqamətində konfiqurasiya edilərək Avropa səmalarında türk mühəndisliyinin gücünü təmsil edəcək. Bu layihə NATO çətiri altında möhkəmlənən türk-ispan dostluğunun müdafiə sənayesindəki əksidir”.

“Airbus” açıqlamasında önə çıxan başlıqlar:

İspaniya Hava və Kosmik Qüvvələrinin köhnələn donanması üçün İspaniyadakı F-5-lərin yerini tutacaq müasir təyyarəyə ehtiyacı var. Bu kontekstdə F-5-lərin yerini tutacaq SAETA II reaktiv təlim təyyarəsi ispan “Eurofighter Typhoon”larına və gələcək döyüş sistemlərinə problemsiz keçid təmin edəcək. Açıqlamada xülasə olaraq aşağıdakı ifadəyə yer verilib, tam anlaşılması üçün şərhlə tərcümə edirəm: “Təlimdən əlavə, yüksək performans xüsusiyyətləri HÜRJET/SAETA təyyarəsinin İspaniyada yüngül hücum təyyarəsi kimi xidmət etməsinə də imkan verir. Bu məqamda təyyarənin sahib olduğu rəqəmsal kokpit və çoxfunksiyalı tapşırıq qabiliyyətləri onu yüngül hücum və silahlı kəşfiyyat tapşırıqları üçün sərfəli platformaya çevirir. Bu prosesdə “Airbus” Talavera la Real Hava Bazasında Qırıcı və Hücum Məktəbi Təlim Mərkəzinin yenidən dizaynına da rəhbərlik edəcək. Bu mərkəz genişmiqyaslı logistika, əməliyyat və texniki xidmət dəstəyi təmin etmək üçün İspaniyanın “Indra” şirkəti ilə birlikdə hazırlanmış ən son texnologiyalı simulyatorlara malik olacaq”.

“Airbus” tərəfindən paylaşılan məlumata görə, şirkətin koordinasiyasındakı İspaniya sənayesi donanmanın texniki xidmətini müstəqil şəkildə aparmaq və inkişaf etdirmək üçün suveren nəzarəti üzərinə götürəcək. Belə ki, yerli tərəfdaşlar tapşırıq kompüterləri (GMV), dost-düşmən tanıma sistemləri (Indra) ilə “Sener”, “Aertec”, “Grupo Oesía” və “Orbital”dan gələn qabaqcıl avioniklər də daxil olmaqla kritik texnologiyaları təyyarəyə inteqrasiya edəcək”, - deyə məqalədə vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   HÜRJET   Türkiyə  


Bizi "telegram"da izləyin