OTOKAR Rumıniya şirkətini təhvil aldı

2026/03/1773724985.jpg
Oxunub: 547     11:49     30 Aprel 2026    
OTOKAR Rumıniyanın “Automecanica SA” şirkətinin 96,77% payını təxminən 85 milyon avro qarşılığında təhvil almaq üçün rəsmi müqaviləni imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

OTOKAR tərəfindən verilən açıqlamaya görə, “Automecanica SA” şirkətinin kapitalının 96,77%-ni təmsil edən payların təxminən 180 milyon avro məbləğində təhvil alınmasına dair müqavilə imzalanıb. Lazımi hüquqi icazələrin alınmasından sonra satınalma prosesinin tamamlanması hədəflənir. Beləliklə, OTOKAR bu strateji addımla Avropa İttifaqı daxilində hərbi istehsal infrastrukturunu qurmuş olacaq.

Bundan başqa, şirkət Mediaşdakı işçi və texniki personalın işbaşı təlim proqramlarını tamamlayıb. Həmçinin Mediaşda 140 min kvadratmetrlik ərazidə qurulan zavodda COBRA II vasitələrinin kəsimdən qaynağa, boyadan montaja qədər bütün istehsal mərhələləri həyata keçirilə biləcək. İstehsal hazırlıqları tamamlanan müəssisəyə NATO standartlarında müasir infrastruktur qazandırılıb. Zavodda istehsalın ilk mərhələləri başlayarkən, montaj xəttinin iyun ayından etibarən fəaliyyətə başlaması planlaşdırılır.

Digər tərəfdən, OTOKAR Rumıniya Müdafiə Nazirliyinin açdığı tenderdə qalib gələrək bu çərçivədə Türkiyədə istehsal edilən ilk COBRA II vasitələrinin təhvilini tamamlayıb, 270-dən çox vasitə ötən aylarda Rumıniyada xidmətə başlayıb. Bundan əlavə, şirkətin Avropa müdafiə sənayesi bazarındakı yeni dövrü haqqında dəyərləndirmələr verən “OTOKAR”ın baş direktoru Aykut Özüner bunları deyib:

“Qlobal böyümə hədəflərimiz istiqamətində atdığımız bu strateji addımla Avropa İttifaqı sərhədləri daxilində zirehli vasitə istehsal edən şirkətə çevrilirik. Rumıniyadakı investisiyamız müqavilə çərçivəsindəki öhdəliklərimizi yerinə yetirməkdən çox daha geniş məna daşıyır. Müdafiə sənayesində ölkələrin getdikcə daha çox yerli istehsal qabiliyyəti və texnologiya qazanmağı prioritetləşdirdiyini görürük. Biz də OTOKAR olaraq dost və müttəfiq ölkələr üçün yalnız təchizatçı deyil, yerli əməkdaşlıqlar və texnologiya transferi ilə onların mühəndislik imkanlarını inkişaf etdirən etibarlı iş ortağı olmağı mənimsəyirik. OTOKAR-ın Rumıniya Silahlı Qüvvələrinə xidmət etməklə yanaşı, hər iki ölkənin iqtisadiyyatına uzun illər dəyər qatacağına inanırıq”.

Rumıniyaya COBRA II təchizatı

“Koç Qrupu”nun müdafiə sənayesi şirkəti OTOKAR Rumıniya Müdafiə Nazirliyinə məxsus “Romtehnica”nın 1059 ədədlik 4x4 taktiki təkərli yüngül zirehli vasitə layihəsində qalib gəlmişdi. ƏDV xaric 857 milyon avro, təxminən 4,3 milyard RON məbləğindəki saziş 2024-cü il noyabrın 27-də Rumıniyada imzalanmışdı.

Müqavilə çərçivəsində təchiz ediləcək 1059 ədəd COBRA II 4x4 zirehli vasitəsinin ilk 278 ədədi Türkiyədəki müəssisələrdə, qalan hissəsi isə lokallaşdırma strategiyası istiqamətində Rumıniyada istehsal ediləcək. Bu kontekstdə təhvillər 2025-ci ilin son rübündə başlayıb və prosesin 5 il ərzində partiyalar halında tamamlanması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: OTOKAR   Rumıniya   Automecanica-SA  


Bizi "telegram"da izləyin