ABŞ Hörmüzdə naviqasiya azadlığı üçün yeni beynəlxalq koalisiyanı irəli aparır

2026/03/1773298624.jpg
Oxunub: 382     09:22     30 Aprel 2026    
ABŞ başqa ölkələrə yeni beynəlxalq koalisiyaya qoşulmağı təklif edir ki, Hörmüz boğazından gəmilərin maneəsiz keçidi bərpa olunsun.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” Dövlət Departamentinin teleqramına istinadla yazır.

“Naviqasiya azadlığının dəniz koalisiyası” (Maritime Freedom Construct, MFC) adını almış bu təşəbbüs ABŞ Dövlət Departamentinin daxili istifadə üçün nəzərdə tutulmuş teleqramında təqdim olunub. Teleqram çərşənbə axşamı səfirliklərə göndərilib və orada amerikalı diplomatlara xarici hökumətlərin təşəbbüsə qoşulmasına nail olmaq çağırışı edilir”, - deyə nəşr bildirir.

Teleqrama əsasən, ABŞ-nin rəhbərlik etdiyi yeni koalisiya informasiya mübadiləsi aparacaq, diplomatik səyləri koordinasiya edəcək və sanksiyalara riayət olunmasını təmin edəcək.

“Boğazdan tranzitə mane olan İrana birlik, qətiyyət nümayiş etdirmək və əhəmiyyətli xərclər tətbiq etmək üçün kollektiv hərəkətlər zəruridir”, - deyə mətndə qeyd olunur.

Missiyanın Dövlət Departamenti və ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) birgə səyləri ilə işə salınacağı ehtimal olunur.

Gözlənilir ki, MFC digər tədbirləri, o cümlədən Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi Hörmüz boğazında təhlükəsiz naviqasiyanın təmin olunması təşəbbüsünü tamamlayacaq.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp İranın dəniz blokadasının effektiv olduğunu və tərəflər İranın nüvə problemi ilə bağlı razılığa gəlməyənə qədər onu aradan qaldırmaq niyyətində olmadığını bəyan etmişdi.

ABŞ Hərbi Dəniz Qüvvələri aprelin 13-də İran limanlarının dəniz blokadasına başlayıb.

Böyük Britaniyanın baş naziri Kir Starmer aprelin 17-də London və Parisin Hörmüz boğazında təhlükəsiz naviqasiyanın təmin olunması missiyasına rəhbərlik etmək niyyəti barədə bəyan etmişdi, Roma və Berlin də öz töhfələrini verməyə hazır olduqlarını bildirmişdilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   ABŞ  


Bizi "telegram"da izləyin