“Bloomberg”: ABŞ İrana qarşı hipersəs raketlərindən istifadə etməyi planlaşdırır

2026/04/1776321589.jpg
Oxunub: 793     06:28     30 Aprel 2026    
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Pentaqona Yaxın Şərqdə “Dark Eagle” hipersəs raketlərinin yerləşdirilməsi ilə bağlı sorğu göndərib. Məqsəd həmin raketlərdən İrana qarşı istifadə etməkdir.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, komandanlıq İran ərazisinin dərinliyində yerləşən ballistik raket buraxılış qurğularını vurmaq üçün daha böyük mənzilə malik sistemə ehtiyac olduğunu bildirib. Sorğuda qeyd olunur ki, İran öz buraxılış qurğularını 480 km-ə qədər məsafədə hədəfləri vura bilən Amerikanın yüksək dəqiqlikli raketlərinin çatdığı məsafədən kənara çıxarıb.

“Bloomberg” qeyd edir ki, bu, ABŞ-nin öz hipersəs raketlərini döyüş şəraitində istifadə üçün yerləşdirəcəyi ilk hal ola bilər. Lakin agentlik eyni zamanda vurğulayır ki, sorğu təsdiqlənərsə, amerikalı hərbçilər hələ ordunun silahlanmasına qəbul edilməmiş bir sistemi yerləşdirməli olacaqlar.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, CENTCOM-un sorğusu ilə bağlı qərar hələ qəbul edilməyib.

ABŞ və İran arasında atəşkəs rejimi aprelin 9-dan qüvvədədir, lakin sorğudan belə nəticə çıxır ki, Vaşinqton prezident Donald Tramp daha da irəli getmək qərarı verərsə, yeni zərbələr hazırlayır, agentlik vurğulayır.

Pentaqonun məlumatına görə, ordu və donanmanın silahlanması üçün hazırlanmış LRHW (Long-Range Hypersonic Weapon) “Dark Eagle” raketinin mənzili 3,5 min km-dir. O, sürətləndirici blokdan (daşıyıcıdan) və “5 Mach” sürətinə (təxminən 6 min km/saat) çata bilən hipersəs aparatından ibarətdir. Aparat hündürlük və istiqamət üzrə manevr edə bilir ki, bu da onun raketdən müdafiə sistemləri tərəfindən aşkarlanmasını çətinləşdirir.

Bu silah Çin və Rusiyanın müasir raketdən müdafiə sistemlərini aşmaq üçün hazırlanıb. “Lockheed Martin Corp” şirkətinin istehsal etdiyi hər bir raketin qiyməti təxminən 15 milyon dollardır, hazırda isə ümumilikdə səkkiz ədəddən çox istehsal edilməyib”, - deyə “Bloomberg”in mənbəsi bildirib.

Pentaqonun məlumatına görə, quru kompleksinin batareyası komanda-qərargah maşınından və dörd ağır daşıyıcıdan ibarətdir, onların hər birində raketlər üçün nəzərdə tutulmuş iki buraxılış konteyneri var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin