“Biznesmenlərin Rusiyada problemləri var, nə edəcəksiniz?” - Simonyan əmin edib ki, Rusiya ilə müharibə etməyəcəklər

2026/03/1773389988.jpg
Oxunub: 312     13:47     14 Aprel 2026    
“Bütün problemlər müzakirə olunacaq, həll ediləcək, biz Rusiya ilə heç bir məsələ üzrə müharibə etməyəcəyik, döyüşməyəcəyik, bütün problemləri həll edərək irəliləməyə çalışacağıq”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentində jurnalistlərlə söhbətində parlament sədri Alen Simonyan mətbuat məlumatlarına əsasən erməni biznesinin Rusiyada problemlərlə üzləşməsi, xüsusilə “Cermuk” və Proşyan konyak zavodunun məhsulları ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

“Biz Rusiyaya heç bir təhlükə yaratmırıq, yaratmaq niyyətində də deyilik. Belə niyyət yoxdur. Bəzi məsələlər var, belə məsələlər bütün ölkələr arasında olur. Müəyyən vaxt yüksəlir, sonra azalır. Biz siyasətçilər bu məsələləri müzakirə edib həll etmək üçün varıq”, - deyə o bildirib.

Rusiya rəsmilərinin Ermənistanın mövqeyini anlayışla qarşılayıb-qarşılamaması ilə bağlı suala Ermənistan parlamentinin sədri belə cavab verib: “Baxın, əgər anlayışla qarşılamasalar, onda bu barədə danışarıq. İndi isə faktiki olaraq biz artıq uzun müddətdir ki, Avropa İttifaqı ilə Avrasiya İqtisadi Birliyini birləşdirməyə çalışırıq. O zaman Serj Sarkisyan iki-üç il Avropa İttifaqı ilə assosiasiya sazişi üzrə danışıqlar apardı və bir gecənin içində istiqaməti dəyişərək Gömrük İttifaqına daxil oldu, müəyyən müddət isə bunları birləşdirdi. Müxtəlif sənədlər imzalandı və müəyyən həll yolları tapıldı. Belə təcrübələr çoxdur”.

“Deməli, indiki hakimiyyət də bir gecədə mövqeyini dəyişə bilər?” sualına Alen Simonyan belə cavab verib: “Serj Sarkisyanla Nikol Paşinyan arasındakı fərqi hiss etmisiniz? Bəs Robert Köçəryanla Nikol Paşinyan arasındakı fərqi hiss etmisiniz? Məsələn, əgər Nikol Paşinyan olmasaydı, sizin əksəriyyətiniz indi xarici agent olardınız”.

Jurnalistlər etiraz etdikdən sonra erməni parlament sədri brifinqi yarımçıq kəsərək zaldan çıxıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Simonyan   Rusiya  


Bizi "telegram"da izləyin