Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentində “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsini təqdim edərkən hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Hayk Sarkisyan bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə çağırışa cəlb olunmalı şəxslərin cəmi 35%-i orduya aparılıb, əsgər sayının 30%-i qədər oğlan isə Ermənistan vətəndaşlığından imtina edib.
“Beləliklə, ədalətsiz və qeyri-bərabər vəziyyət yaranır. Ordudan yayınanlar xidmət edənlərdən çoxdur. Ədalətsizlik xidmətdən sonra da davam edir, çünki xidmət edənlər sonradan təlim toplanışlarında da iştirak edirlər, yayınanlar isə imtiyazlı vəziyyətdə qalmaqda davam edir.
Mövcud qanunvericiliyə görə, xidmətdən yayınmış və 27 yaşı tamam olmuş şəxslər 15 milyon dram ödəyirlər. Beləliklə, onlar müəyyən mənada xidmət etməmələrinin boşluğunu doldururlar. Təklif edirəm ki, eyni prinsiplə vətəndaşlıqdan imtina edənlərdən də 15 milyon dram tələb olunsun və bu məbləğ 10 əsgər arasında bölüşdürülərək hər birinə 1,5 milyon dram verilsin.
Həmçinin təklif edirəm ki, vətəndaşlıqdan imtinaya alternativ verilsin, həmin 15 milyon dram ödənilsin və bir ay xidmət keçirilsin. Əminəm ki, bu halda vətəndaşlıqdan imtina edənlərin sayı dəfələrlə azalacaq, biz əlavə bir neçə min əsgər qazanacağıq, 1,5 il xidmət edənlər isə 1,5-3 milyon dram alacaqlar.
Bu mexanizm bizə imkan verəcək ki, birincisi, 18-26 yaş arasında axtarışda olan 4000-dən çox oğlanı Ermənistana qaytaraq, ikincisi, hər il pul xərcləyərək ordudan yayınan minlərlə vətəndaşı xidmətə gətirək, üçüncüsü isə xidməti cəlbedici və gəlirli edək. Pullar Ermənistanın xaricinə və ya korrupsionerlərin cibinə yox, xidmət edən əsgərlərə veriləcək.
Əgər mövcud qanunvericiliyə əsasən 27 yaşı tamam olmuş oğlanlar 8 milyon dram ödəyib bir ay xidmət edə bilirlərsə, onda niyə iki dəfə çox pul ödəmək şərtilə 25 və ya 26 yaşlılara da eyni imkan verilməsin?
Qanunun qəbulu ilə hamı, həm dövlət, həm ordu, həm də xidmət edən əsgər qazanacaq, yalnız ordudan pulu ilə adam yayındıranlar zərər görəcək”, - deyə o bildirib.
Sarkisyan erməni deputatları qanun layihəsinin parlamentin plenar iclasında müzakirə edilməsinə imkan verməyə çağırıb: “Dövlət üçün faydalı olan bütün təklifləri qəbul edəcəyimə söz verirəm. Əslində bu səsvermə layihənin lehinə səs vermək deyil, onun müzakirə mərhələsinə keçməsi üçündür. Müzakirə mərhələsində fikirlər və rəylər səslənərsə, onları müzakirə etməyə vaxtımız olacaq. Bir şey aydındır, biz hər gün 10-dan çox əsgər itiririk, yəni bir il gecikmə ötən ilin məlumatlarına görə bizdən ən azı vətəndaşlıqdan imtina etmiş 2811 nəfəri və xidmətdən müxtəlif yollarla yayınmış minlərlə oğlanı alır.
Burada zərər görən xidmət edən əsgərdir, çünki rəqəmlər göstərir ki, xidmət edənlər xidmət etməyənlərdən bir neçə dəfə azdır, bu layihə xidmət edən əsgərlər üçündür”, - deyə o vurğulayıb.
Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Kocoryan bildirib ki, onlar aparıcı komissiyanın səsverməsini əsas götürəcəklər, aparıcı komissiya isə layihənin əleyhinə səs verib.
Səsvermənin nəticələrinə görə, “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişikliklərin edilməsi və ona əlavə edilmiş qanun layihələri paketinin 8-ci çağırışın 11-ci sessiyasının gündəliyinə daxil edilməsi məsələsinin lehinə 3 deputat, əleyhinə 57 deputat səs verib, 6 nəfər isə bitərəf qalıb.
Sarkisyan bildirib ki, onlar ruhdan düşməyəcəklər, yaxın vaxtlarda müzakirələr hökumət və Müdafiə Nazirliyi ilə davam etdiriləcək. Sonra isə o, hər kəs üçün bərabər şərtlərin yaradılması üçün mexanizmlərin tətbiq olunacağına əminliyini ifadə edib.
“Məncə, yalnız yay çağırışına qədər çatdırmaya bilərik və bu yay tərxis olunanlar artıq xidmətdən yayınmış və qısamüddətli xidmət keçən oğlanların ödədiyi məbləğlərdən toplanmış pulları ala bilməyəcəklər”, - deyə Sarkisyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az