Erməni ekspert: “Ermənistan AİB-dən çıxsa, üstünlüklərini itirəcək, bu xəbərdarlıq Moskvada edilib”

2026/04/1776145888.jpg
Oxunub: 343     10:21     14 Aprel 2026    
“İran ətrafında müharibə neft və qaz uğrundadır və Donald Tramp əsas enerji marşrutlarına nəzarət etməyə çalışır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Hayakve” təşəbbüsünün üzvü, erməni ekspert Armen Manvelyan deyib.

Onun sözlərinə görə, bu şəraitdə Avrasiya İqtisadi Birliyi üzvü olan ölkələr, qaz, dizel və ya benzin kvotalarına malik olduqları üçün müəyyən üstünlüklərə və təhlükəsizlik “yastığına” sahibdirlər.

“Məsələn, Fars körfəzinin bağlanması bir sıra Asiya ölkələrində dizel yanacağı qıtlığına səbəb oldu. Biz isə, Allaha şükür, bundan məhz Ermənistanın Avrasiya İqtisadi Birliyi üzvü olması sayəsində sığortalanmışıq. Çünki bu birlik ümumi elektrik enerjisi, qaz və neft bazarlarının yaradılması ideyası əsasında formalaşdırılıb. Buna görə də Ermənistan Avrasiya İqtisadi Birliyidən çıxsa, bu üstünlüklərdən məhrum olacaq. Moskvada məhz bu xəbərdarlıq edilib.

Biz hətta atom elektrik stansiyası üçün zənginləşdirilmiş uranı beynəlxalq bazardan daha ucuz qiymətlərlə alırıq. Dünyada bu qiymətlər artdığı halda, Ermənistan onu sabit qiymətlərlə əldə edir. Eyni sabitliklə biz sərhəddə təxminən 175 dollar qiymətinə qazı da alırıq.

Yeri gəlmişkən, xatırlatmaq istəyirəm ki, bunlar hakimiyyətə gələndə, 2018-ci ilin avqustunda xüsusi komissiya yaratdılar və dedilər ki, biz qazı 160-170 dollara alırıq, amma istehlakçılara iki dəfə baha satırıq, guya korrupsiya risklərini tapacaqlar və məsul şəxslər cəzalandırılacaq. Lakin heç nə baş vermədi. Yəni biz qazı 175 dollara alırıq, amma əhaliyə təxminən 392-400 dollara satılır və sual yaranır ki, qiymət necə iki dəfə artır. Əgər onlar bu qədər “təmiz”dirlərsə, niyə korrupsiyanı aşkar etmədilər və qazın qiymətini aşağı salmadılar”, - deyə Manvelyan bildirib.

O hesab edir ki, əgər Ermənistan anti-Rusiya siyasəti aparsa, Avrasiya İqtisadi Birliyi çərçivəsində əldə etdiyi təhlükəsizlik üstünlüklərini itirə bilər və qazın qiyməti 170 dollar deyil, məsələn, 250 dollar ola bilər.

İrana qaz idxalı ilə bağlı fikirlərə münasibət bildirən Manvelyan qeyd edib: “İranın özü yaxın zamanda qazla bağlı problemlərlə üzləşə bilər və çox güman ki, Ermənistan istiqamətində olan cüzi qaz tədarükü də dayandırıla bilər, çünki onların qaz sistemi daim zərbələrə məruz qalır”.

Manvelyan bildirib ki, Ermənistan Avrasiya İqtisadi Birliyi üzvlüyünün üstünlüklərindən istifadə edə bilmir.

“Məsələn, vaxtilə bu birliklə bağlanmış müqaviləyə əsasən Mehri azad iqtisadi zona olmalı idi, burada Avrasiya İqtisadi Birliyi bazarına gedən mallar müəyyən gömrük güzəştləri alacaqdı və Rusiya və ya Qazaxıstana Xəzər dənizi ilə deyil, Mehri vasitəsilə çıxacaqdı. Bu isə məhsulların daha ucuz başa gəlməsi demək idi, lakin bunlar hakimiyyətə gələndən sonra həmin proqramı bağladılar.

Eyni vəziyyət elektrik enerjisi bazarında da müşahidə olunur. Gürcüstan istiqamətində yüksək gərginlikli xəttin çəkilməsi planı var idi ki, Gürcüstan vasitəsilə Rusiya bazarına çıxaq və artıq elektrik enerjimizi sataq. Lakin bu hakimiyyətin diletant siyasəti nəticəsində biz bu gün çox ağır enerji vəziyyətində qalmışıq və əgər onlar hakimiyyətdə qalsalar, bu vəziyyətdən çıxış yolu olmayacaq”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Manvelyan  


Bizi "telegram"da izləyin