Gürcüstan müxalifəti hakimiyyəti ölkəni “Tramp marşrutu” layihəsinə daxil etməyə çağırıb

2026/04/1776005249.jpg
Oxunub: 422     18:38     12 Aprel 2026    
“Lelo - Güclü Gürcüstan” müxalif partiyası Anakliya dərin su limanının adının dəyişdirilməsini tələb edib və onun ABŞ prezidenti Donald Trampın adını daşımalı olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə gürcü KİV-ləri məlumat yayıb.

Partiyanın baş katibi İrakli Kupradzenin sözlərinə görə, səhmlərinin 49%-i Çin-Sinqapur konsorsiumuna veriləcək liman Qərb dünyasına açılan “Tramp yolu”nun (TRIPP) (Zəngəzur dəhlizi-red.) qapısına çevrilməlidir. O hesab edir ki, bu, Gürcüstana təhlükəsizlik, Qərb investisiyaları və iqtisadi rifah gətirəcək.

Məlumata görə, “Tramp marşrutu” (TRIPP) Zəngəzurdan keçməklə Azərbaycanı Naxçıvanla birləşdirən nəqliyyat dəhlizidir. Bildirilir ki, bu layihə 2025-ci ilin avqustunda ABŞ prezidenti Donald Trampın iştirakı ilə razılaşdırılıb.

Söhbət yolların və infrastrukturun tikintisini nəzərdə tutan 40 kilometrlik hissədən gedir və bu hissənin ABŞ ilə Ermənistanın idarəçiliyi altında olacağı qeyd olunur.

İrakli Kupradze bildirib ki, 2025-ci il avqustun 8-də ABŞ vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmadan sonra Cənubi Qafqazda TRIPP adını alan mühüm beynəlxalq tranzit marşrutu yaranıb.

“Bu marşrut Gürcüstandan yan keçməməlidir və onun həyata keçirilməsi yalnız Anakliya limanının tikintisi vasitəsilə mümkündür. Bu liman “Tramp yolu”nun məntiqi davamına çevriləcək”, - deyə o bildirib.

Partiyada hesab edirlər ki, Anakliya limanı ABŞ və prezident Tramp administrasiyasının elan etdiyi strateji prioritetlərə tam uyğun gələn genişmiqyaslı təşəbbüsdür və buna görə də onun imitasiyası yox, məhz özü reallaşdırılmalıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   TRIPP   Zəngəzur-Dəhlizi   Gürcüstan  


Bizi "telegram"da izləyin