ABŞ hərbi təyyarəsinə Şennon hava limanında baltayla hücum edilib

2026/04/1775917944.jpg
Oxunub: 388     18:22     11 Aprel 2026    
Bir nəfər bu səhər Şennon hava limanında ABŞ-yə məxsus hərbi təyyarənin qanadına çıxaraq gövdə və qanad hissəsinə baltayla zərbələr endirib.

Ordu.az xəbər verir ki, insident yerli vaxtla saat 09:45 radələrində hava limanının məhdud zonasında bir nəfərin görüldüyü zaman baş verib.

Həmin şəxsin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus, uzaq taksi yolunda park edilmiş C-130 “Hercules” hərbi nəqliyyat təyyarəsinin yanında olduğu müəyyənləşib.

Məlumata görə, o, təyyarənin qanadına çıxaraq alətlə gövdəyə ciddi ziyan vurub.

Mənbələrdən biri təyyarəyə dəyən zərərin böyük olduğunu bildirib.

Şəxsi saxlamaq üçün mobil pilləkəndən istifadə olunub, sonra o həbs edilərək nəzarətə götürülüb.

Hava limanı polisi həmin şəxsin obyektə daxil olduğu yeri müəyyən etmək üçün perimetr boyu yoxlama aparıb.

Hadisəyə hava limanı polisi, Şennon hava limanının yanğın-xilasetmə xidməti, polis əməkdaşları və həmin vaxt növbədə olan İrlandiya Müdafiə Qüvvələrinin şəxsi heyəti cəlb olunub.

Əlavə olaraq, formaly geyimli polis əməkdaşları, silahlı detektivlər və polis dəstək bölməsinin üzvləri də hadisə yerinə gəlib.

Təhlükəsizlik pozuntusundan sonra hava limanı yarım saatdan az müddətdə bağlanıb, daha sonra fəaliyyət bərpa olunub.

İki çıxış reysi qismən gecikib, Lourdes şəhərindən gələn bir təyyarə isə hava limanındakı təhlükəsizlik pozuntusu səbəbindən gözləmə rejiminə keçirilib və təxminən 20 dəqiqə sonra enişə icazə alaraq saat 10:22-də yerə enib.

Şennon Hava Limanı Qrupunun nümayəndəsi bildirib ki, hava limanı səhər saat 09:50-də fəaliyyətini dayandırıb, 10:15-də isə yenidən açılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Şennon  


Bizi "telegram"da izləyin