Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, elə ertəsi gün, “Vətəndaş Müqaviləsi” partiyası idarə heyətinin iclasında Sarkisyanı səsləndirdiyi qiymətləndirmələrə görə “hesab soruşmaq” üçün çağırıblar.
Nəşr xatırladıb ki, “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatın “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi ötən bazar ertəsi komissiyada ikinci dəfə iflasa uğrayıb. Hakim partiyanın üzvləri layihənin əleyhinə səs veriblər. Sarkisyan pul müqabilində daha qısa xidmət etməyi və ya ümumiyyətlə xidmət etməməyi təklif edirdi. Diqqətçəkən məqam budur ki, ötən il hökumət iclasında bu layihə bəyənilmişdi, lakin parlament komissiyasında yenidən rədd edilmişdi.
Bu dəfə Hayk Sarkisyan daha döyüşkən mövqedə idi. O, layihəsinin iflasa uğramasında komissiyanın sədri Andranik Köçəryanı birbaşa ittiham edib, Alen Simonyana dolayı tənqidlər yönəldib və açıq şəkildə Suren Papikyanı ordudakı vəziyyətə və ciddi nöqsanlara görə sərt tənqid edib.
Komissiya iclasından bir gün sonra Ermənistan Müdafiə Nazirliyi bəyanatla Papikyanın partiya yoldaşına cavab verərək onun ordu ilə bağlı qiymətləndirmələrini dezinformasiya adlandırıb. Həmin gün axşam isə, nəşrin məlumatına görə, Hayk Sarkisyan idarə heyətində ciddi sorğu-suala tutulub, onun hər bir bəyanatı ilə bağlı konkret əsaslandırmalar tələb olunub. Partiya yoldaşlarının çoxunu Sarkisyanın fraksiyanın qapalı iclasından bəzi təfərrüatları açıqlaması da ciddi şəkildə əsəbiləşdirib. Xüsusilə, Sarkisyanın sözlərinə görə, layihə fraksiya ilə qapalı müzakirə olunarkən komanda yoldaşları ona belə deyiblər: “Bizi baş nazirlə hədələyirsən? Gəlib deyirsən ki, baş nazir layihənin tərəfdarıdır, lehinə səs verin, üstünə bir də baş naziri gətirirsən?”.
Cümə axşamı Paşinyan “News.am”ın Hayk Sarkisyanla bağlı sualına cavab olaraq deyib: “Belə bəyanatlar verən və sonra məlum olan ki, onlar səhvdir, həmin adamlar o qədər siyasi iradəyə sahib olmalıdırlar ki, desinlər, xalq, danışdığım məsələ heç də elə deyilmiş”. Diqqətçəkən odur ki, bundan əvvəl Paşinyan Sarkisyana daha sərt reaksiya verərək onu mümkün korrupsiya sövdələşmələrində ittiham etmişdi. O demişdi: “Vətəndaş Müqaviləsi” öz üzvlərinin qeyri-müntəzəm, korrupsiya baxımından problemli hərəkətlərinə dözməyəcək”.
Yeri gəlmişkən, Hayk Sarkisyanla partiya yoldaşları arasındakı ziddiyyətlər yeni deyil. Məhz buna görə də idarə heyətinin üzvləri Hayk Sarkisyanı seçki siyahısına daxil etməkdən imtina etmişdilər.
Alpər Mövludoğlu
Ordu.az