Ordu.az xəbər verir ki, bu barədə Rusiyannı “Vz.ru” nəşri yazıb.
Nəşr vurğulayır ki, əgər İrəvan indiki siyasi kursunu qoruyub saxlasa, bu, Ermənistan üçün ciddi iqtisadi problemlərlə nəticələnə bilər. 2018-ci ildəki hakimiyyət dəyişikliyindən sonra Ermənistan tədricən Rusiyadan uzaqlaşmağa və Qərbə yönəlməyə başlayıb.
“Valday” Diskussiya Klubunun eksperti Stanislav Tkaçenko hesab edir ki, Putinlə Paşinyan arasında danışıqların açıq hissəsi “məcburetmə diplomatiyası”nın klassik nümunəsidir.
“Rusiya prezidenti erməni nümayəndə heyətinə çox incə şəkildə izah etdi ki, niyə İrəvan Moskvanın maraqlarını nəzərə almalı, ona qarşı düşmən siyasət aparmamalıdır. Düşünürəm ki, bu görüşün nəticələri yalnız real addımlar vasitəsilə üzə çıxacaq. Amma bir məsələ artıq aydındır, İrəvan siyasi yolayrıcına gəlib çıxıb. Variantlardan biri Ukrayna yoludur: Rusiya ilə əlaqələrin qırılması, Avropaya inteqrasiya və sair. Lakin hətta Moldova da Kiyevin təcrübəsini görərək bu cür addımları daha ehtiyatla atır”, - deyə Tkaçenko bildirib.
Politoloq Pavel Danilin isə hesab edir ki, Nikol Paşinyan hətta güc metodlarından istifadə etməklə siyasi meydanı rəqiblərdən təmizləyir.
Onun sözlərinə görə, buna baxmayaraq, Paşinyanın Moskva ilə qarşıdurması qarşıdakı seçkilər ərəfəsində onun üçün ciddi siyasi mənfi yük yaradır.
“Baş nazirin Moskva ilə qarşıdurması, şübhəsiz ki, qarşıdakı seçkilərdə ciddi çatışmazlıqdır. Tamamilə mümkündür ki, Paşinyan məhz Rusiya ilə münasibətləri korladığına görə sərt tənqid hədəfinə çevrilsin. Ermənistanda 2013-cü il Ukrayna hadisələri ilə paralellərin aparılması təsadüfi deyil. İnsanlar açıq şəkildə iki stulda oturmaq cəhdinin nə ilə nəticələndiyini xatırladırlar”, - deyə Danilin vurğulayıb.
“Vz.ru”nun həmsöhbəti bildirib ki, Kremlin bu görüşdə verdiyi siqnallar yalnız Paşinyana yox, bütövlükdə erməni cəmiyyətinə ünvanlanmış mesaj idi.
“Rusiya prezidenti ilə Ermənistan baş naziri arasında söhbət son dərəcə açıq oldu. Rusiya lideri öz ölkəsinin maraqlarını, narahatlıqlarını və gözləntilərini gizlətmədən ifadə etdi. Bu, sadəcə diplomatik etiket naminə keçirilmiş görüş deyildi. Burada mahiyyət etibarilə Ermənistan qarşısında seçim qoyulurdu: ya Rusiya ilə münasibətləri müttəfiqlik və ya ən azı tərəfdaşlıq məntiqi ilə davam etdirmək, ya da açıq qarşıdurma yoluna keçmək”, - deyə Danilin qeyd edib.
Analitik proqnozlaşdırır ki, əgər Ermənistanın indiki hakimiyyəti mövcud istiqaməti dəyişməsə, ölkə çox ağır iqtisadi nəticələrlə üzləşəcək.
“Əgər İrəvan Avropa İttifaqına daha da yaxınlaşarsa, Avrasiya İqtisadi Birliyinin qapısı Ermənistanın üzünə bağlanacaq. Bu isə gəlirlərin nəhəng itirilməsi demək olacaq. Ermənistan enerjini artıq indiki kimi altı dəfə ucuz yox, dünya bazarı qiymətləri ilə almağa məcbur olacaq. Bundan başqa, atom elektrik stansiyası bloklarının istismarı sual altına düşəcək, eləcə də Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarına ixracı təhlükə altına girəcək”, - deyə Danilin bildirib.
Onun fikrincə, Ermənistanın son illərdə müşahidə olunan nisbi rifah artımı da birbaşa şəkildə Moskva ilə iqtisadi əlaqələr sayəsində mümkün olub.
“Respublikanın rifahı son illərdə artıb və bu, qismən Moskva ilə əlaqələrin sayəsində baş verib. Amma indi bu meyllər ciddi şəkildə sarsıdıla bilər. Əgər indiki hakimiyyət kursunu davam etdirsə, Ermənistan üçün bu, yalnız siyasi yox, həm də sosial və iqtisadi baxımdan sarsıdıcı nəticələr verəcək”, - deyə analitik yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az