ABŞ nümayəndə heyətinin Ermənistana səfəri niyə təxirə salınıb?

2026/04/1775888747.jpg
Oxunub: 511     17:24     11 Aprel 2026    
Nüfuzlu “Foreign Policy” nəşri qeyd edir ki, TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi çərçivəsində ərazinin öyrənilməsi məqsədilə ABŞ şirkətinin nümayəndələrinin səfəri İranla müharibə səbəbindən təxirə salınıb.

Ordu.az xəbər verir ki, nəşrə bunu İrəvandakı mənbələr bildirib.

“ABŞ-nin prezidenti Donald Trampın İrana münasibətdə yürütdüyü siyasət Ermənistan və Azərbaycan arasında əldə edilmiş yeganə uğurlu sülh sazişini təhlükə altına qoya bilər”, - deyə nəşr qeyd edib.

Nəşrin yazdığına görə, ötən il Tramp uzunmüddətli rəqiblər arasında sülh prosesinə yeni təkan verməyə və böyük diplomatik irəliləyişə nail olmağa müvəffəq olmuşdu. Trampın sülhün bərqərar olunmasına yönəlmiş və geniş şəkildə reklam olunan qlobal səyləri fonunda bu, real qələbə idi. “Lakin indi Trampın İranda başladığı müharibənin nəticələri onun Qafqazdakı nailiyyətlərini iflasa uğratmaq təhlükəsi yaradır. Həm Ermənistanın, həm də Azərbaycanın rəsmiləri narahatlıq bildirirlər ki, Trampın xarici siyasət üzrə etibar etdiyi şəxslərin dar dairəsi artıq bu regiona diqqət yetirmir. Hətta elan edilmiş atəşkəs şəraitində belə Ağ Ev bir müddət daha diqqətini İrana yönəldəcək. Nəticədə Qafqazda sülhə nail olmaq üçün yaranmış təkan itirilə bilər”, - “Foreign Policy” yazıb.

Bu qalmaqallı nəşrdən sonra ABŞ Dövlət Departamenti tərəfləri sakitləşdirməyə çalışaraq bildirib ki, TRIPP ABŞ üçün prioritetlərdən biri olaraq qalır. “TRIPP ABŞ üçün prioritet olaraq qalır, çünki bu layihə Cənubi Qafqazda və ondan kənarda sülhü və rifahı təşviq etmək potensialına malikdir. Tramp administrasiyası TRIPP-in reallığa çevrilməsi öhdəliyinə sadiq qalır”, - deyə ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.

Ermənistanın “Past” nəşrinin yazdığına görə, buna baxmayaraq, artıq aydındır ki, “Tramp yolu”nun gələcək taleyi ciddi təhlükə altındadır: regionda İranın mövqeləri nəinki zəifləyib, əksinə möhkəmlənib, Tehran isə TRIPP layihəsinə qəti şəkildə qarşıdır. Qazaxıstanın iki nazirinin ötən gün Ermənistana səfəri də mahiyyət etibarilə “iddialı, lakin qeyri-real” bu layihə ilə bağlı nə baş verəcəyini anlamaq məqsədi daşıyırdı.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin