Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, Paşinyanın başçılıq etdiyi nümayəndə heyətinin Moskva səfəri zamanı, erməni və rus nümayəndə heyətləri Rusiya prezidenti ilə Paşinyanın gəlməsini gözlədikləri vaxt Rusiya xarici işlər naziri Lavrov Ermənistan rəsmilərinə atmaca ataraq kinayə ilə soruşub: “Sizin Aİ-nin hibrid qrupları gəldimi və onlar kimə qarşı mübarizə aparırlar?”.
“Yeri gəlmişkən, bu replikasının bir hissəsi Rusiya KİV-lərinin reportajlarında da yer alıb, lakin erməni tərəfin reaksiyası daxil edilməyib. Mənbələrimizdən öyrəndik ki, Lavrova tələsik cavab verən xarici işlər naziri Mirzoyan olub, o, guya məsələdən xəbərsiz olduğunu, hətta Lavrovun nədən danışdığını başa düşmədiyini deməyə tələsib”, - deyə nəşr bildirib.
“Hraparak”ın yazdığına görə, halbuki, məhz Mirzoyanın məktubuna cavab olaraq, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Aİ seçkilər ərəfəsində Ermənistana hibrid sürətli reaksiya qrupu göndərəcək.
“Qonşuluğumuzda demokratik dayanıqlılığın dəstəklənməsi vacib olaraq qalır. Biz Ermənistanın xarici müdaxiləyə təkbaşına müqavimət göstərməsinə imkan verməyəcəyik. Təzyiq altında olan demokratiyalar Avropaya arxalana bilər”, - deyə Kallas qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az