İranlı ekspert: “Nə olursa-olsun, İran Ermənistanla bağlı “qırmızı xətt”i qoruyacaq”

2026/04/1775810604.jpg
Oxunub: 417     17:42     11 Aprel 2026    
“İranda ABŞ ilə İran arasında əldə edilmiş iki həftəlik atəşkəsin qorunub saxlanılması və ya sülh danışıqlarının uğurla davam edəcəyi ilə bağlı böyük ümidlər yoxdur. Hazırda Pakistanın vasitəçiliyi ilə cümə günü İslamabadda keçirilməsi planlaşdırılan İran və ABŞ nümayəndə heyətləri arasında danışıqlar sual altındadır. Hər halda İran hadisələrin istənilən inkişafına hazırdır və çox yaxşı anlayır ki, qarşı tərəf üçün razılaşmaların pozulması adi haldır”.

Ordu.az xəbər verir ki, bunu “Ermənistan-İran əməkdaşlığının inkişafı fondu”nun direktoru, iranlı ekspert Puya Hüseyni aprelin 7-də elan edilən atəşkəs və İran-ABŞ danışıqlarının perspektivləri barədə danışarkən bildirib.

Onun sözlərinə görə, ABŞ və İsrail “yalnız güc dilini başa düşür” və İran da onlarla məhz güc dili ilə danışır, eyni zamanda danışıqlar masasına oturmağa hazır olduğunu bildirir.

“İran istənilən inkişaf ssenarisinə hazırdır, bilir ki, qarşı tərəf heç bir razılaşmaya əməl etmir, heç bir mənəvi norma tanımır və hazırda da İran hər şeyə hazırdır. Razılaşma əldə olunmuşdu və bunu həm İran, həm də Pakistan tərəfi təsdiqləyir ki, Livan cəbhəsində də atəşkəs olmalı idi, lakin biz görürük ki, İsrail bunu pozur və bildirir ki, Livan cəbhəsi atəşkəs razılaşmasına daxil deyil. Belə ölkələr yalnız güc dilini anlayır və İran da onlarla güc dili ilə danışmaq üçün əlindən gələni edir”, - deyə Puya Hüseyni bildirib.

İranlı ekspert İranın təqdim etdiyi 10 maddədən 3-nün pozulmasına da toxunub. Bu barədə daha əvvəl İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf da danışmışdı.

Ekspertin sözlərinə görə, atəşkəs razılaşması Pakistan, ABŞ və İran arasında üçtərəfli olub, bu razılaşmanı həm Pakistan, həm də İran təsdiqləyir, lakin ABŞ və İsrail bunun əksini iddia edir.

“Danışıqların keçirilib-keçirilməyəcəyi hələ də sual altındadır, çünki Livan maddəsinin pozulması ciddi pozuntudur. Hər halda arzu olunur ki, danışıqlar baş tutsun və sülh tam şəkildə bərqərar olsun. Cənab Qalibafın dediyi kimi, 3 maddə pozulub, amma ümid edək ki, sona qədər tərəflər öhdəliklərinə əməl edəcəklər, halbuki bizim buna o qədər də ümidimiz yoxdur”, - deyə iranlı ekspert bildirib.

40 günlük müharibədə kimin qalib gəldiyi və İranın qalib sayılıb-sayıla bilməyəcəyi ilə bağlı suala cavab verən Puya Hüseyni bildirib ki, bu, məsələyə hansı prizmadan baxmaqdan asılıdır.

“İran ondan onlarla dəfə güclü qüvvələrə, iki nüvə dövlətinə qarşı müharibə aparıb, müqavimət göstərib və rəqiblərinə həm hərbi, həm iqtisadi, həm də nüfuz baxımından ciddi zərbələr endirib. Bu baxımdan yanaşsaq, əlbəttə, İran qalib gəlib, çünki onlar öz məqsədlərinə nail ola bilmədilər, deyirdilər ki, bir neçə günə İranı tam təslim edəcəklər, ölkədə çevriliş olacaq və İran nüvə proqramından imtina edəcək. Bu baxımdan deyə bilmərik ki, onlar qalib gəlib. Amma ümumi vəziyyəti təhlil etdikdə hələ də tam demək olmaz ki, hansısa tərəf tam qələbə qazanıb”, - deyə ekspert qeyd edib.

Bu kontekstdə Puya Hüseyni İranın supergüclərə qarşı durmasının səbəblərindən, İranın müharibə təcrübəsindən və dərslərindən, həmçinin Ermənistan-İran münasibətlərindən danışaraq qeyd edib ki, Ermənistan da İrandan öyrənə bilər.

O bildirib ki, təxminən 10-20 milyard dollarlıq hərbi büdcəyə malik olan İran dünyanın ən böyük hərbi büdcələrindən birinə, təxminən 1 trilyon dollara malik ABŞ və onun müttəfiqi İsrailə qarşı bərabər səviyyədə mübarizə aparmağı bacarıb.

Hüseyninin sözlərinə görə, İranın effektiv müdafiə və diplomatiyasının əsas sirri strateji müqavimətdir. O vurğulayıb ki, İran regionda müqavimət ideologiyasının formalaşdırıcısıdır.

“İran illərlə bu müharibəyə hazırlaşıb və bu uğurun əsas sirri sona qədər müqavimətdir. Amma bu, plansız müqavimət deyil, mərkəzsizləşdirmə prinsipi əsasında qurulmuş strateji müqavimətdir. İranın hərbi büdcəsi 10-20 milyard dollar olduğu halda, ABŞ-ın büdcəsi 1 trilyondur və ən müasir silahlara, texnologiyalara malikdir, İsrail də regionun ən güclü ordularından biridir. İran bu qüvvələrə qarşı necə mübarizə aparmağı öyrənib. Müqavimət, fədakarlıq və heç bir halda təslim olmamaq… Əsas prinsip budur. Onlar son damla qana qədər döyüşməyə hazırdırlar və məhz bu, onlara güc verir”, - deyə ekspert izah edib.

Puya Hüseyni əlavə edib ki, İran-İraq müharibəsindən sonra iranlılar öz güclərinə arxalanmağın vacibliyini anlayıblar.

“Ermənistan bu müharibələrdən çox şey öyrənə bilər. Hazırda Ermənistan sülhə doğru gedir, amma hər şeyə hazır olmaq lazımdır, çünki sülhün heç bir zəmanəti yoxdur. Buna görə Ermənistan İrandan nümunə götürməlidir, İran necə oldu ki, özündən qat-qat güclü ordulara qarşı mübarizə apardı və ərazi bütövlüyünü qorudu. Ermənistan da öz silahlı qüvvələrini elə səviyyəyə çatdırmalıdır ki, gələcəkdə hər hansı müharibə təhlükəsi yaranarsa, çəkindirici gücə malik olsun və rəqiblərə qarşı müqavimət göstərə bilsin”, - deyə Hüseyni vurğulayıb.

İranlı ekspert həmçinin qeyd edib ki, İranın ali dini lideri Ayətullah Əli Xameneyinin və rəsmi Tehranın müəyyən etdiyi Ermənistanın ərazi bütövlüyü və İran-Ermənistan sərhədinin toxunulmazlığı ilə bağlı “qırmızı xətt” bu gün də qüvvədədir.

“Əgər İran qalib çıxarsa, Cənubi Qafqazın təhlükəsizliyi də möhkəmlənəcək. Nə olursa-olsun, İran Ermənistanla bağlı “qırmızı xətt”i qoruyacaq. İran öz qonşuluğunda inkişaf etmiş və sabit Ermənistan istəyir”, - deyə Puya Hüseyni bildirib.

Ekspertin qiymətləndirməsinə görə, müharibə hər halda TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinə də təsir edəcək. Hüseyninin sözlərinə görə, bu layihənin taleyi müharibənin nəticələrindən asılı olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan  


Bizi "telegram"da izləyin