Erməni ekspert: “Rusiyada düşünürlər ki, İrəvan Moskvaya qarşı müharibəyə hazırlaşan düşərgəyə qoşulmağa hazırlaşır”

2026/04/1775750768.jpg
Oxunub: 456     13:19     11 Aprel 2026    
“Müxalifətin qarşıdakı seçkilərdə qələbə qazanmaq üçün ciddi imkanları var”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşrinə müsahibəsində Ermənistanın Strateji Araşdırmalar və Təşəbbüslər Analitik Mərkəzinin rəhbəri, erməni ekspert Hayk Xalatyan bildirib.

Xalatyan qeyd edib ki, Ermənistan qeyri-rəsmi seçki mərhələsindədir.

Onun sözlərinə görə, hakimiyyət özünün mütləq qələbə gözləntilərindən danışsa da, eyni zamanda təlaşlı addımları ilə seçilir.

“Müxalifət müxtəlif qanadlarla çıxış edir və onlar ətrafında vətəndaşları səfərbər edirlər.

Artıq hakimiyyətin özü də aşağı reytinqə malik olduğunu anlayır. Bunu yalnız onunla izah etmək olar ki, faktiki olaraq əgər Nikol Paşinyan hakimiyyəti qoruya bilməsə, öz xalqını müharibə ilə şantaj edən bəyanatlar veriləcək. Əgər hakimiyyətin mövqeləri daha möhkəm olsaydı, çətin ki, belə addıma gedərdi. Bu isə əslində onu göstərir ki, onların suverenlik, sülh dövrü ilə bağlı bəyanatlarının real əsası yoxdur.

Öz növbəsində müxalifət “Gümrü 2” ssenarisini təkrarlamağa çalışır. Hazırda görürük ki, bütün repressiyalara, ABŞ və Aİ tərəfindən Nikol Paşinyana açıq şəkildə göstərilən dəstəyə baxmayaraq, müxalifətin iyunun 7-də keçiriləcək seçkilərdə qələbə qazanmaq üçün ciddi imkanları var”, - deyə Xalatyan bildirib.

O, qonşu ölkələrdən, Aİ-dən və ABŞ-dən dəstək olduğunu, lakin görünür, bunun Rusiya tərəfindən olmadığını vurğulayıb.

Xalatyanın sözlərinə görə, son günlər Paşinyan-Putin görüşü geniş müzakirə olunub və hətta onun “protokol” hissəsində kəskin fikirlər səslənib, Aleksey Overçukun müsahibəsi isə qapalı qapılar arxasında daha sərt mövqelərin ifadə edildiyini göstərib.

“Putin-Paşinyan görüşünə, Overçukun müsahibəsinə və son günlər bəzi rus rəsmilərinin açıqlamalarına və addımlarına baxaraq demək olar ki, Moskvanın səbr kasası dolub. Moskvada qərara gəliblər ki, son illər Nikol Paşinyanın başçılıq etdiyi Ermənistan hakimiyyətinin həyata keçirdiyi bütün anti-Rusiya bəyanatlarına və addımlarına sərt reaksiya versinlər.

Faktiki olaraq ona təklif olunub ki, Rusiya ilə münasibətləri necə gördüyünü müəyyənləşdirsin. O, Rusiyanı müttəfiq və ya ən azı vacib tərəfdaş kimi görür, yoxsa əslində düşmən ölkə kimi?

Aİ üzvü olmaq barədə qanun qəbul edən Ermənistan hakimiyyəti çox yaxşı anlamalı idi ki, Rusiyada Aİ artıq yalnız iqtisadi və hətta siyasi birlik kimi qəbul edilmir. Görürük ki, son illərdə Aİ hərbi komponentini fəal şəkildə inkişaf etdirir və açıq bildirir ki, onun düşməni Rusiyadır, hətta Rusiyaya qarşı müharibəyə hazırlaşır.

Belə şəraitdə Ermənistan hakimiyyətinin davamlı olaraq Aİ üzvlüyündən danışması faktiki olaraq Rusiyada belə qəbul olunur ki, Ermənistan Rusiyaya qarşı müharibəyə hazırlaşan düşərgəyə qoşulmağa hazırlaşır”, - deyə Xalatyan bildirib.

O qeyd edib ki, Ermənistan hakimiyyətinin çox sevdiyi “Moldova ssenarisi” də eyni məntiqə söykənir.

“Unutmamalıyıq ki, həmin görüşdə də danışılan, seçkilərdə gözlənilən “Moldova ssenarisi” ondan ibarətdir ki, Moldovanın özü Aİ-nin Rusiyaya qarşı qəbul etdiyi bütün sanksiyaları tətbiq edib, Rusiyanı açıq şəkildə düşmən sayır (burada Moldova prezidenti Maya Sandunu və onun komandasını nəzərdə tuturam) və Rusiya ilə iqtisadi münasibətləri minimuma endirib.

Əgər Ermənistan hakimiyyəti seçkilərdə “Moldova ssenarisi”ndən danışırsa və guya Rusiya ilə əlaqələri bəhanə edərək müxtəlif müxalif qüvvələrin seçkilərdə iştirakına imkan verməyəcəyini deyirsə, onda anlamalıdır ki, bu ssenari Rusiyanı düşmən kimi qəbul etməyi və iqtisadi münasibətləri minimuma endirməyi nəzərdə tutur”, - deyə o qeyd edib.

Xalatyan iqtisadi münasibətlər mövzusuna da toxunub və bildirib ki, Ermənistan ixracının əsas bazarı Rusiya və AİB-dir.

Onun sözlərinə görə, bu istiqamət erməni ixracatçıları üçün bağlanarsa, təkcə onlar deyil, bütövlükdə Ermənistan iqtisadiyyatı ciddi problemlə üzləşəcək.

“Bütün nəticələr haqqında Rusiya baş nazirinin müavini Aleksey Overçuk öz müsahibəsində danışdı. Amma nəzərə almaq lazımdır ki, Rusiya tərəfi daim qeyd edir: hətta onlar bu addımları atmasalar belə, Ermənistan Avropa İttifaqına üzv olmağa çalışırsa, Aİ bütün tərəfdaşlarından, xüsusən də üzv olmaq istəyən ölkələrdən Rusiyaya qarşı qəbul etdiyi bütün sanksiyaları tətbiq etməyi tələb edir.

Məsələn, eyni hava daşımalarının dayandırılması məsələsi. Unutmaq olmaz ki, Aİ-Gürcüstan və Aİ-Serbiya münasibətlərində böhranın əsas səbəbi həmin ölkələrin Aİ-nin Rusiyaya qarşı qəbul etdiyi bütün sanksiyaları qəbul etməməsi olub.

Xatırladıram ki, Brüsseldə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüş zamanı Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirmişdi ki, bunun Ermənistan üçün ciddi iqtisadi nəticələr yarada biləcəyini anlayırlar, amma Avropa İttifaqının özü də Rusiyaya qarşı sanksiyalar qəbul etməklə ciddi iqtisadi itkilərə gedib və eyni şeyi tərəfdaşlarından da gözləyir”, - deyə Xalatyan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xalatyan  


Bizi "telegram"da izləyin