Ordu.az xəbər verir ki, bu barədə bunu Avrasiya Kapital Bazarları Federasiyasının erməni əsilli baş katibi Konstantin Saroyan “Tsargrad.tv” nəşrinə açıqlamasında deyib.
Erməni ekspert izah edib ki, geosiyasi vəziyyətin gərginləşməsi fonunda ABŞ fond bazarı geriləyir.
Onun sözlərinə görə, bu tendensiya ABŞ-də investorların qarışıq reaksiyası və Çinlə ABŞ arasındakı ticarət gərginliyi səbəbindən Çin investisiyalarının azalması ilə bağlıdır.
“Ehtimal olunur ki, Fars körfəzi ölkələri də yeni investisiya proqramlarını dayandıracaqlar, çünki onlara öz milli iqtisadiyyatlarını dəstəkləmək üçün resurslar lazım ola bilər. Ola bilər ki, onlar bu məqsədlə ABŞ qiymətli kağızlarının bir hissəsini də satmağa başlasınlar.
Nəticədə ABŞ aktivlərinə tələbat azala bilər və buna görə də onların gəlirliliyi də aşağı düşəcək. Əlbəttə, neft şirkətləri kimi bəzi şirkətlərin səhmləri arta bilər, lakin texnologiya və bir sıra başqa sahələrdə eniş riskləri qalır”, - deyə erməni ekspert bildirib.
Xarici investorların Ermənistan qiymətli kağızlar bazarından mümkün çıxışını şərh edən Saroyan vurğulayıb ki, əsas sual kapitalın hansı istiqamətə yönələcəyidir.
“Sual budur ki, hara? Əslində artıq təhlükəsiz sığınacaqlar qalmayıb”, - deyə o qeyd edib.
Saroyan hesab edir ki, investorların əhəmiyyətli hissəsi ehtimal ki, mövcud aktiv portfelini saxlayaraq gözləmə strategiyası seçəcək. Onların addımları sərt dəyişiklik etmədən investisiyaların diversifikasiyasına yönələcək.
Saroyan Yaxın Şərq ölkələrinin fond bazarlarında vəziyyəti təhlil edərkən bildirib ki, İranda birja aktivliyi adi qaydada davam edir.
Onun fikrincə, həmin bazardan xarici kapital axını riskləri minimumdur, çünki bazar əsasən lokal xarakter daşıyır.
Erməni ekspert əlavə edib ki, Dubay və Əbu-Dabidə regional gərginlik fonunda daşınmaz əmlak sektoruna investisiyalar yavaşıyıb.
“İnvestorlar mövcud layihələri maliyyələşdirməyə davam edirlər, lakin yeni sövdələşmələr hazırda təxirə salınır”, - deyə Saroyan bildirib.
Nəşr qeyd edib ki, Ermənistan pensiya fondlarının aktivlərinin təxminən 23 faizi ABŞ dolları, daha 11 faizi isə avro ilə ifadə olunub. Qalan aktivlər isə demək olar ki, tamamilə erməni dramı ilə formalaşıb.
Bildirilib ki, fondların xarici investisiyalarının böyük hissəsi ETF-lərdə, ABŞ və Avropa İttifaqı fond birjalarında listinqdə olan şirkətlərin səhmlərindən ibarət diversifikasiya olunmuş portfeli əhatə edən birja fondlarında cəmlənib.
Alpər Mövludoğlu
Ordu.az