Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Rusiya yenidən KTMT-ni xatırladır” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, Zaxarovanın sözlərinə görə, son vaxtlar bu mövzu ətrafında çoxlu ziddiyyətli bəyanatlar və fərziyyələr səslənib. “Bu qədər fərziyyə və müxtəlif qiymətləndirmələr var ki, bu, artıq qeyri-təmiz bir şeyə bənzəməyə başlayır”, - deyə Zaxarova bildirib.
O vurğulayıb ki, hüquqi baxımdan vəziyyət dəyişməz qalır və Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq bundan irəli gələn bütün hüquq və öhdəliklərə malikdir. “Çoxsaylı şifahi bəyanatlara və saxtalaşdırmalara baxmayaraq, başqa qərar qəbul edilməyib”, - deyə Zaxarova qeyd edib.
Zaxarova əlavə edib ki, Rusiya Ermənistanın təşkilatın fəaliyyətində tam iştirakını bərpa etməsində maraqlıdır.
Nəşr qeyd edib ki, KTMT ilə bağlı müzakirə aprelin 1-də Moskvada Putin-Paşinyan görüşündə də aparılıb. Bundan bir gün sonra isə Nikol Paşinyan İrəvanda hökumətin iclasından sonra bildirib ki, Ermənistanın KTMT-yə qayıdışı baxımından dəyişiklik gözləmək real deyil.
“Moskva, Minsk və KTMT-nin digər tərəfdaşları Ermənistanı yenidən təşkilatın fəaliyyət sahəsinə qaytarmağa çalışdığı halda, Ermənistan hakimiyyəti bu hərbi-siyasi quruma qarşı siyasətini davam etdirir, eyni zamanda KTMT-dən çıxmaqdan da imtina edir.
Ermənistanın KTMT-dən çıxacağı təqdirdə bunun zəncirvari şəkildə AİB-ə də yayılacağını və bunun ölkə iqtisadiyyatı üçün çox ağır nəticələr doğuracağını dəqiq başa düşən Paşinyandan, xüsusən parlament seçkiləri ərəfəsində, hər hansı qərar gözləmək real deyil.
Görünür, əgər o, parlament seçkilərindən sonra yenidən hakimiyyətdə qalmağa nail olsa, Paşinyan yeni templə yalnız Ermənistanı KTMT-dən uzaqlaşdırmaq yox, həm də Rusiya ilə digər inteqrasiya birliklərini qırmaq işinə başlayacaq”, - deyə müəllif vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az