“Foreign Policy”: ABŞ nümayəndə heyətinin Ermənistana səfəri İrana qarşı müharibə səbəbindən təxirə salınıb

2026/04/1775489688.jpg
Oxunub: 357     12:58     09 Aprel 2026    
İrəvandakı mənbələr bildiriblər ki, TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi çərçivəsində ərazinin öyrənilməsi məqsədilə ABŞ şirkətinin nümayəndələrinin səfəri İranla müharibə səbəbindən təxirə salınıb.

Ordu.az xəbər verir ki, bu barədə “Foreign Policy” məlumat yayıb.

“ABŞ prezidenti Donald Trampın İrana münasibətdə yürütdüyü siyasət Ermənistan və Azərbaycan arasında əldə olunmuş yeganə uğurlu sülh razılaşmasını təhlükə altına qoya bilər.

Ötən il Tramp uzun illərdir rəqib olan tərəflər arasında sülh prosesinə yeni təkan verməyə və böyük diplomatik irəliləyiş əldə etməyə nail olmuşdu. Trampın sülhün bərqərar olunmasına yönəlmiş və geniş şəkildə reklam olunan qlobal səyləri fonunda bu, real qələbə idi.

Lakin indi Trampın İranda başladığı müharibənin nəticələri onun Qafqazda əldə etdiyi uğurları puça çıxarmaq təhlükəsi yaradır. Həm Ermənistanın, həm də Azərbaycanın rəsmiləri narahatlıq ifadə edirlər ki, Trampın xarici siyasət məsələləri üzrə səlahiyyət verdiyi şəxslərin dar çevrəsi artıq bu regiona diqqət yetirmir. Hətta elan edilmiş atəşkəs şəraitində də Ağ Ev hələ bir müddət İran məsələsinə fokuslanmış qalacaq. Nəticədə Qafqazda sülhə nail olunması istiqamətində formalaşmış dinamika itə bilər”, - deyə nəşr bildirib.

Müəllifin sözlərinə görə, daha əvvəl Tramp belə bir həll variantı təklif etmişdi ki, TRIPP layihəsi çərçivəsində erməni rəsmiləri sərhəd üzərində hüquqi nəzarəti saxlasınlar, lakin yoxlamaları üçüncü ölkəni təmsil edən özəl şirkətin əməkdaşları həyata keçirsin. Marşrutun istismarı isə Ermənistan-ABŞ birgə müəssisəsi tərəfindən təmin edilsin.

“Ağ Evdə keçirilən sammitdən sonra hər iki tərəf münasibətlərin yaxşılaşdırılması istiqamətində sürətli addımlar atmağa başladı. Azərbaycan analitik mərkəzlərinin ekspertləri Ermənistana səfər etməyə başladılar və eyni şey əks istiqamətdə baş verdi. Azərbaycan ilk dəfə Ermənistana yanacaq satmağa başladı və Rusiya ilə Qazaxıstandan gələn taxılın öz ərazisindən keçməklə Ermənistana tranzitinə icazə verdi.

Fevralın əvvəlində vitse-prezident Cey Di Vens Ermənistan və Azərbaycana səfər edərək ABŞ-nin TRIPP layihəsini həyata keçirməkdə qərarlı olduğunu nümayiş etdirdi.

TRIPP layihəsinin Ermənistanın cənub sərhədi boyunca, İran sərhədinin birbaşa yaxınlığında həyata keçirilməsi nəzərdə tutulur. ABŞ-nin bu marşrutun tikintisi və istismarı üçün cəlb etməyə ümid etdiyi şirkətlər, şübhəsiz ki, öz potensial sərmayələrinin təhlükəsizliyi ilə bağlı riskləri yenidən qiymətləndirirlər”, - deyə məqalədə bildirilib.

Nəşr yazıb ki, bundan əlavə, həm İrəvanın, həm də Bakının rəsmi dairələri müharibənin ABŞ-nin diqqətini TRIPP layihəsindən yayındıracağından narahat olduqlarını bildiriblər.

“ABŞ və Ermənistan hələ də marşrutun istismarını həyata keçirəcək şirkətin yaradılması ilə bağlı razılığa gəlməlidirlər. Prosesi Trampın müşaviri Stiv Uitkofun rəhbərlik etdiyi azsaylı komanda koordinasiya edir və bu komanda bu günlərdə onsuz da İran problemləri ilə məşğuldur.

Daha geniş kontekstdə müharibə ABŞ-nin Qafqazdakı prioritetlərini elə dəyişə bilər ki, sülhün bərqərar olunması son dərəcə çətin məsələyə çevrilsin. Hazırkı görnüşündə TRIPP layihəsi əslində İrana sərf edir, çünki sovet dövründən qalmış dəmir yolu əlaqələrini bərpa edir. Layihə xüsusilə İranın mühüm ticarət və təhlükəsizlik tərəfdaşı olan Ermənistana böyük fayda vəd edir. Lakin sual yaranır: Vaşinqton bu layihəyə olan marağını saxlayacaqmı? Bəs əgər Tramp artıq ona marağını itiribsə?

ABŞ-nin iştirakçılığı son aylar ərzində əhəmiyyətli irəliləyiş təmin edib. Bu amilin zəifləməsi sülh prosesi üçün əsl sınağa çevriləcək”, - deyə nəşr yazır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin