Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Layihənin əsaslandırmasında bildirilir ki, ölkədə kifayət qədər GPU hesablaması gücü yoxdur, süni zəka layihələri xarici platformalardan asılıdır və yüksək qiymətə görə bu resurslar geniş kütlələr üçün əlçatan deyil. Nəticədə tədqiqatlar məhdudlaşır, startaplar rəqabət qabiliyyətli inkişaf edə bilmir, dövlət süni zəka proqramlarının isə miqyaslandırılması çətinləşir.
Bu problemin həlli üçün Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyi təklif edir ki, bir şəxsdən təxminən 25 milyon ABŞ dolları dəyərində yüksək məhsuldarlıqlı hesablama resursları 5 il müddətinə əldə edilsin.
Qərara əlavə edilmiş sənəddə qeyd olunur ki, bu addım Ermənistanda həyata keçiriləcək strateji əhəmiyyətli süni zəka fabriki tikintisi proqramı çərçivəsində qabaqcıl qrafik prosessor gücünün əldə edilməsi məqsədilə, xüsusi və müstəsna hüquqlara malik “Fayrbırd EyAy” QSC-dən birbaşa satınalma yolu ilə satınalma prosesinin təşkili zərurəti ilə bağlıdır։
Məlumata görə, layihə çərçivəsində, xüsusilə, Ermənistanda bu sahədə fəaliyyət göstərən şirkətdən qabaqcıl qrafik prosessor gücünün əldə edilməsi və bununla da dövlət sektorunda texnoloji inkişafın stimullaşdırılması imkanı yaradılır.
“Qabaqcıl qrafik prosessor gücünün istehsalının yaxın gələcəkdə Ermənistanda yalnız bu şirkət tərəfindən həyata keçiriləcəyi nəzərə alınaraq, həmin şirkətdən birbaşa satınalma yolu ilə alınması məqsədəuyğun hesab olunub.
Şirkət süni zəka bulud texnologiyaları sahəsində fəaliyyət göstərir və 2026-cı ildə Qafqaz regionunda ilk və ən böyük süni zəka superkompüterini “NVIDIA Blackwell” qrafik prosessorları ilə işə salmağa hazır olduğunu bəyan edib”, - deyə məlumatda qeyd edilib.
Bildirilib ki, layihə Ermənistanda analoqu olmayan təşəbbüsdür və yalnız şirkət tərəfindən, onun beynəlxalq tərəfdaşları (o cümlədən “NVIDIA” ABŞ şirkəti) ilə qurduğu strateji əməkdaşlıq sayəsində həyata keçiriləcək.
“Layihənin həyata keçirilməsi nəticəsində Ermənistanın texniki imkanlarının gücləndirilməsi və onun 21-ci əsrin mühüm infrastruktur komponentləri ilə təmin edilməsi gözlənilir.
Rəqəmsal suverenlik məsələsi də son dərəcə vacibdir։ Məlumatların və hesablama resurslarının ölkə daxilində yerləşdirilməsi təhlükəsizlik, müstəqillik və strateji sabitlik təmin edir.
İqtisadi təsirlər də aydındır: İT sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması, məhsuldarlığın artması və yeni xidmətlərin formalaşması.
Bu təşəbbüs həm də zaman məsələsidir. Süni zəka sahəsində rəqabət qlobaldır və çox sürətlə inkişaf edir. Əgər biz bu gün bu sərmayəni etməsək, sabah daha böyük xərclərlə yalnız digər ölkələrin texnologiyalarını istifadə etməyə məcbur olacağıq.
Təklif olunan 25 milyon dollarlıq sərmayə yalnız texnoloji layihə deyil. Bu, Ermənistanın süni zəka ekosisteminin formalaşmasına əsas yaradan, iqtisadi və texnoloji mövqelərini gücləndirən və ölkənin gələcəkdəki yerini müəyyən edən strateji addımdır. Bir şəxsdən satınalma yolu ilə qabaqcıl qrafik prosessor gücünün əldə edilməsi hökumətin qərarı ilə prosesin mümkün qədər sürətli və çevik şəkildə təşkil olunması zərurəti ilə əsaslandırılır”, - deyə əsaslandırmada qeyd olunur.
Alpər Mövludoğlu
Ordu.az