Erməni deputat: “Rusiya deyirsə ki, AİB-dən çıxsanız, qaz bahalaşacaq, mən bunu şantaj hesab etmirəm”

2026/03/1773994719.jpg
Oxunub: 460     10:42     09 Aprel 2026    
“Bəli, Rusiya tərəfi deyir ki, başqasının gülünü öz gülünün adı ilə Rusiyaya gətirmə, ya da başqasının meyvəsini öz meyvənin adı ilə Rusiyaya gətirmə və onun buna haqqı var”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından xaric edilmiş erməni deputat Hovik Ağazaryan parlamentdə jurnalistlərlə söhbətində bildirib.

O, Paşinyan-Putin görüşündən sonra hakimiyyətlə əlaqələndirilən iş adamlarının ciddi problemlərlə üzləşəcəyi və bir çox məhsulun Rusiyaya ixracının mümkünsüz olacağı barədə məlumatları şərh edib.

“İndiyədək göz yumurdular, çünki Rusiyanın narahatlığı var ki, məsələn, 5 ildən sonra onun vətəndaşı erməni əriki yeyə biləcəkmi, ya yox. O, 4 il 11 ay 30 gün sonra bu barədə düşünməyəcək. O, indidən düşünür və deyir ki, biz bilək, bu şərtlərlə erməni əriki bizim üçün olacaq, yoxsa olmayacaq. Buna uyğun olaraq da onlar bu sahədə öz taktika və strategiyalarını hazırlamalıdırlar. Burada qəribə heç nə yoxdur”, - deyə Ağazaryan bildirib.

Parlament sədri Alen Simonyanın “əgər Rusiya qazın qiymətini qaldırsa, Ermənistan AİB-dən çıxacaq” bəyanatına toxunan erməni deputat qeyd edib: “Rusiya deyir: “Əgər siz AİB-dən çıxsanız, onda qiymət artacaq, elə ertəsi gün artacaq, əvvəlcədən yox”. Amma biz o ertəsi günün nə vaxt olacağını bilməliyik ki, həmin günlə müqayisədə ərik məsələsini həll edək.

Mən bunu şantaj hesab etmirəm. Bu söhbətlər həmişə görüşlərin kulis formatında olub. İndi artıq elə bir məqam gəlib ki, seçim vaxtıdır. Çünki Ermənistan hakimiyyəti Avropayönlü istiqamət nümayiş etdirir, qanun qəbul olundu. Deməli, sən o qanunu qəbul edib sonra gedib Putinə deyə bilməzsən ki, bu sadəcə qanundur, qəbul etmişik, orada qalıb”.

Ağazaryan vurğulayıb ki, əgər ölkə hansısa iqtisadi ittifaqın üzvüdürsə, başqa iqtisadi ittifaqın da üzvü ola bilməz.

“Başqa məsələ odur ki, əgər sənin son məqsədin həqiqətən Avropaya getməkdirsə, iqtisadiyyatını o səviyyəyə çatdır ki, qonşu dövlət sənə desə, bu halda biz qazı bahalaşdırmalıyıq, sən buna hazır ol və de ki, biz də əriyi bahalaşdıracağıq, biz də başqa şeyi bahalaşdıracağıq”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ağazaryan  


Bizi "telegram"da izləyin