Erməni politoloq: “TRIPP-in T hərfi artıq aktual deyil, RIPP qalıb”

2026/03/1773381723.jpg
Oxunub: 476     10:24     09 Aprel 2026    
“TRIPP-in (Zəmgəzur dəhlizi-red.) T hərfi artıq aktual deyil, RIPP qalıb”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan İran və ABŞ arasında əldə olunan iki həftəlik atəşkəsin şərtlərini şərh edərkən bildirib.

“İndi İran yalnız Hörmüz dəhlizindən vergi toplayacaq, yoxsa TRIPP-dən də? TRIPP-in T hərfi artıq aktual deyil, RIPP qalıb və “Vətəndaş Müqaviləsi”nin “Sülh dövrü” məsələsi də sual altındadır”, - deyə Danielyan yazıb.

Erməni politoloqun sözlərinə görə, ölkə daxilində baş verənlərin geosiyasi proseslərlə əlaqəsinin olmadığına dair yanlış təsəvvür mövcuddur, halbuki reallıq tam əksini göstərir.

“2018-ci il sui-qəsdinin geosiyasi səbəbləri var idi və bu, 2020-ci il müharibəsinin müqəddiməsi idi. “Vətəndaş Müqaviləsi” müharibə partiyasıdır və Qarabağı vermək üçün məhz belə yaradılıb. Qarabağın itirilməsi də geosiyasi dəyişikliklərin həyata keçirilməsi məqsədi daşıyırdı. Məhz buna görə 2020-ci ildə bizə qarşı beynəlxalq koalisiya müharibə aparırdı.

TRIPP adlanan məsələ Qarabağın satılması ilə birlikdə, vahid paket kimi nəzərdən keçirilməlidir. İrana qarşı başlanan müharibə həmin geosiyasi prosesin növbəti mərhələsi idi, lakin bu mərhələ iflasa uğradı. Əvvəlcədən hazırlanmış plan da uğursuz olur.

TRIPP-in uğursuzluğu “Vətəndaş Müqaviləsi” - müharibə partiyası üçün də uğursuzluq deməkdir. “Vətəndaş Müqaviləsi”nin artıq edəcək işi yoxdur, lakin onun iflası ilə birlikdə yeni ağır mərhələ başlayır və biz onu birlikdə keçməliyik.

Məğlubiyyətimiz ilk növbədə siyasi düşüncənin məğlubiyyəti idi, daha doğrusu kollektiv siyasi düşüncənin yoxluğunun, nəticə etibarilə isə real siyasi sistemin olmamasının nəticəsi idi”, - deyə o qeyd edib.

Danielyan bildirib ki, iyunun 7-dən sonra “Vətəndaş Müqaviləsi” kimi Ermənistan dövlətçiliyinin bədəninə peyvənd olunmuş bu yad varlığın cərrahi yolla çıxarılması məsələsini həll etmək lazımdır.

“Amma elə deyil ki, “Vətəndaş Müqaviləsi” getsə, dərhal formalaşmış siyasi vahidlərimiz olacaq. Əslində bunun əksi doğrudur. İyunun 7-dən sonra sabit siyasi sistemin qurulması məsələsi təcili olacaq”, - deyə Danielyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danielyan   Ermənistan  


Bizi "telegram"da izləyin