Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, “Hayastan” blokunun lideri Robert Köçəryan “Böyük siyasət” podkastının dördüncü buraxılışı zamanı bildirib.
Köçəryan Rusiya prezidentinin seçki prosesləri ilə bağlı səsləndirdiyi fikirləri Ermənistanın daxili işlərinə müdaxilə hesab etmədiyini vurğulayıb.
O xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin yaxınlarda Ermənistanın baş naziri ilə görüşündə demişdi: “Biz çox istərdik ki, bütün bu siyasi partiyalar və siyasi xadimlər seçkilər zamanı daxili siyasi işdə iştirak edə bilsinlər. Bilirəm ki, bəziləri həbsdədir, halbuki onların Rusiya pasportları var. Bu, sizin qərarınızdır, biz qarışmırıq, amma istərdik ki, onlar hər halda həmin daxili siyasi işdə iştirak edə bilsinlər”.
“Hadisələrin səbəb-nəticə əlaqəsini xatırlamaq lazımdır. Ararat Mirzoyanın Brüsselə səfəri, hibrid müharibə ilə bağlı danışılanlar və Aİ missiyasının gəlişi olmasaydı, Rusiya prezidenti bu məsələni qaldırmazdı. Bu mövzunu məhz indiki hakimiyyət təhrik edir. Rusiyanın gözünün qarşısında Moldova nümunəsi var. Ermənistan o yolla gedir və bunu heç gizlətmir”, - deyə Köçəryan bildirib.
Sabiq erməni prezident əlavə edib ki, Ermənistan hakimiyyəti Rusiya ilə daha möhkəm münasibətləri müdafiə edən qüvvələri zərərsizləşdirməyə çalışır, halbuki Rusiya prezidenti erməni xalqına seçim etmək imkanı verilməsinin vacibliyindən danışıb.
O xatırladıb ki, Aİ-dən yardım istəmək təşəbbüsü Ermənistandan gəlib və Avropanın cəlb olunması qaçılmaz olaraq Rusiyanın da prosesə qoşulması deməkdir.
Köçəryanın sözlərinə görə, əgər Aİ geri çəkilsə, Rusiya da özü geri çəkiləcək.
“Qoy erməni xalqı qərar versin. Əgər qərara gəlsələr ki, Rusiya ilə münasibətlər vacib deyil, qoy başqa yol seçsinlər”, - deyə Köçəryan vurğulayıb.
O əlavə edib ki, Paşinyan təxribatlardan əl çəkməyəcək, çünki bu, onun həyat tərzi, onun “biokimyasıdır” və o, erməni xalqını rahat buraxmayacaq.
Alpər Mövludoğlu
Ordu.az