Müharibədən təxminən 6 il sonra Ermənistanda fərarilik, xidmət yerini tərk etmə və vəzifələrdən imtina etmə üzrə neçə nəfər təqsirli bilinib?

2026/04/1775712042.jpg
Oxunub: 382     11:15     14 Aprel 2026    
“Ötən gün yazmışdıq ki, Ermənistan İstintaq Komitəsi 44 günlük müharibə zamanı fərariliklə bağlı “təzə” məlumatlara malik deyil”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Müharibədən təxminən 6 il sonra fərarilik, xidmət yerini tərk etmə və vəzifələrdən imtina etmə üzrə neçə nəfər təqsirli bilinib?” başlıqlı məqaləsində yazıb.

“Bəs Ermənistan Baş Prokurorluğunun məlumatlarında son bir ildə hər hansı dəyişiklik olubmu? 2026-cı il aprelin 1-də “168.am” yazılı sorğu ilə Ermənistan Baş Prokurorluğuna da müraciət edib ki, aşağıdakı suallara cavab alsın:

1. 2020-ci ilin 44 günlük müharibəsi zamanı - sentyabrın 27-dən noyabrın 9-dək olan dövrdə neçə fərarilik halı qeydə alınıb, yəni neçə nəfər barəsində neçə iş açılıb, həmin işlər hansı mərhələdədir, neçə iş üzrə məhkəmə qərarı var?

2. 44 günlük müharibədə fərarilərdən neçəsi müntəzəm ordudan, neçəsi ehtiyatdan, neçəsi könüllülərdən olub?

3. Ermənistan Milli Təhlükəsizlik Xidmətində və Polisində 44 günlük müharibə zamanı fərarilik halları olubmu və neçə hal qeydə alınıb?

Bu suallara cavab olaraq Baş Prokurorluq cavab məktubunda bildirir:

“2026-cı il aprelin 1-i tarixli sorğunuza cavab olaraq bildiririk ki, 2025-ci il dekabrın 25-i daxil olmaqla, 2003-cü il aprelin 18-də qəbul edilmiş Cinayət Məcəlləsinin 361-ci maddəsinin 7-ci hissəsi (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə), 362-ci maddəsinin 3-cü hissəsi (fərarilik) və 364-cü maddəsinin 3-cü hissəsi (hərbi xidmət vəzifələrinin icrasından imtina) üzrə 10.687 nəfər barəsində 1786 cinayət işi başlanıb. 655 nəfər barəsində 486 cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilib. 410 nəfər barəsində ittiham hökmü çıxarılıb.

Sorğunun 2-ci və 3-cü bəndləri ilə bağlı bildiririk ki, ayrıca uçot aparılmır”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, 2025-ci ilin iyun ayında isə Ermənistan Baş Prokurorluğu nəşrə aşağıdakı məlumatları təqdim etmişdi:

“Ermənistan hərbi prokurorluğunun xidmət ərazisində 2020-ci ilin 44 günlük müharibəsi və elan edilmiş hərbi vəziyyət dövründə (2020-ci il sentyabrın 27-dən 2021-ci il martın 24-dək) 2003-cü il aprelin 18-də qəbul edilmiş Ermənistan Cinayət Məcəlləsinin 361-ci maddəsinin 7-ci hissəsi (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə), 362-ci maddəsinin 3-cü hissəsi (fərarilik) və 364-cü maddəsinin 3-cü hissəsi (hərbi xidmət vəzifələrinin icrasından imtina), həmçinin həmin maddələrin məcmusu üzrə başlanmış cinayət işləri çərçivəsində 2025-ci il mayın 1-nə olan məlumata görə 8240 nəfər barəsində ibtidai istintaq aparılır.

Qeyd olunan maddələr üzrə cinayət törətmiş 352 nəfər barəsində ittiham hökmü çıxarılıb”.

“Əlavə edək ki, eyni dövrdə Ermənistan İstintaq Komitəsi bizə bildirib ki, 2020-ci ilin 44 günlük hərbi əməliyyatları zamanı hərbi xidmət əleyhinə yönəlmiş cinayətlər üzrə Ermənistan İstintaq Komitəsinin hərbi istintaq baş idarəsinin bölmələrində 11.000-dən çox hərbi qulluqçu barəsində 1500 cinayət işi başlanıb. Eyni vəziyyət 2025-ci ildə də müşahidə olunub.

Hətta prokurorluğun məlumatlarında son bir ildə müəyyən dəyişikliklər olsa belə, hər halda 2020-ci il müharibəsindən təxminən 6 il sonra 11.000-dən çox şəxsin fərariliyi ilə bağlı məhkəmə tərəfindən təsdiqlənmiş fakt yoxdur.

Bundan əlavə, müvafiq qurumlar nizami ordu hərbçiləri arasında neçə fərarilik halı olduğunu dəqiq şəkildə açıqlamaqdan yayınırlar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müharibə   Fərarilik  


Bizi "telegram"da izləyin