Ermənistan Apellyasiya Məhkəməsi Mirzoyanın döyülməsi işi üzrə təqsirləndirilən şəxslə bağlı prokurorluğun şikayətini rədd edib

2023/01/mirzo-1674026577.jpg
Oxunub: 426     09:05     09 Aprel 2026    
Ermənistan Apellyasiya Məhkəməsi prokurorluğun şikayətini rədd edib və parlamentin keçmiş sədri, hazırda xarici işlər naziri Ararat Mirzoyanın döyülməsi işi üzrə təqsirləndirilən Ara Badoyanın 3,5 il azadlıqdan məhrumetmə qərarını dəyişməz saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, Badoyan 2020-ci il noyabrın 9-da parlamentin sədri Mirzoyana qarşı zor tətbiq etməkdə ittiham olunur.

“Prokurorluq Ermənistan Apellyasiya Məhkəməsindən daha sərt cəza tələb etmişdi, lakin məhkəmə prokurorluğun tələbini rədd edib və birinci instansiya məhkəməsinin qərarını dəyişməz saxlayıb.

Xatırladaq ki, hadisə 2020-ci il noyabrın 9-da, kapitulyasiya bəyanatının imzalanmasından sonra baş verib. Həmin vaxt vətəndaşlar spontan şəkildə toplaşaraq parlament binasına daxil olublar. Ararat Mirzoyana qarşı zorakılıq da məhz həmin gün küçədə baş verib. Bu epizod üzrə bir neçə cinayət işi məhkəməyə göndərilib, digər epizodlar üzrə isə istintaq hələ də davam edir.

Bu epizoda görə, Ara Mihran oğlu Badoyana qarşı ittiham irəli sürülüb ki, o, 2020-ci il sentyabrın 27-də başlayan müharibə və bununla əlaqədar həmin gün Ermənistan və Qarabağda elan edilən hərbi vəziyyət şəraitində, 2020-ci il noyabrın 10-da müharibənin dayandırılması və “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) nəzarətində olan bir sıra ərazilərin Azərbaycan Respublikasının nəzarətinə verilməsi ilə bağlı Ermənistan Respublikası, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında əldə olunmuş razılaşma barədə bəyanatın kütləvi informasiya vasitələrində yayımlanmasından sonra internet vasitəsilə məlumat alaraq, İrəvan şəhərində yerləşən Ermənistan hökumətinin binası yaxınlığında kütlənin toplandığını və kütləvi iğtişaşların baş verdiyini öyrənib, həmin yerə gedib və iğtişaş iştirakçılarına qoşulub”, - deyə nəşr vurğulayıb.

“Joğovurd” qeyd edib ki, Ararat Mirzoyanın döyülməsi hadisəsindən 6 il keçməsinə baxmayaraq, bu günə qədər əsas icraçılar müəyyən edilməyib.

“Ararat Mirzoyanın döyülməsi işi üzrə Torqom Asatryan 5,6 il müddətinə azadlıqdan məhrum edilib. Onun vəkili iddia edir ki, müdafiə etdiyi şəxsin Mirzoyana zərbə endirdiyini sübut edən heç bir dəlil yoxdur, videolarda da o görünmür. İttiham yalnız Ararat Mirzoyanın ifadələrinə əsaslanıb”, - deyə nəşr əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Döyülmə  


Bizi "telegram"da izləyin