Köçəryan: “Noyabrın 9-u tarixli bəyanatla Rusiya prezidenti “Qarabağ”ı xilas etməyə çalışdı”

2026/03/1773150242.jpg
Oxunub: 492     00:07     09 Aprel 2026    
“Ermənistan faktiki olaraq üçtərəfli bəyanatdan çıxdı, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı və məsələ Azərbaycanın daxili işinə çevrildi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan “Böyük siyasət” podkastının dördüncü buraxılışı zamanı, Nikol Paşinyanın Moskva səfəri çərçivəsində səsləndirdiyi fikirləri şərh edərkən bildirib.

Köçəryanın sözlərinə görə, Paşinyan Qarabağ məsələsində yol verdiyi səhvləri Rusiya prezidentinin üzərinə atmağa çalışır.

O qeyd edib ki, bu cür bəyanatlar yeni deyil və Paşinyan özü deməyəndə bunu onun mətbuat katibi və ya digər məmurlar səsləndirirlər.

Sabiq erməni prezidentin fikrincə, bunun məqsədi hamını inandırmaqdır ki, müharibə və Qarabağın itirilməsinə görə məsuliyyət Ermənistan hakimiyyətinin deyil, Rusiyanın üzərinə düşür.

“Heç bir ölkə “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) “müstəqilliyi”ni tanımayıb. “Qarabağ” “öz müqəddəratını təyinetmə və tanınma yolu” ilə gedirdi. Bütün ölkələr üçün bu, onilliklər çəkə biləcək uzun bir yoldur. Rusiya, Fransa və ABŞ Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almayıblar. Məsələ ondadır ki, ərazi bütövlüyünü tanımaqla yanaşı, onlar ATƏT-in Minsk qrupunun həmsədrləri idilər və “öz müqəddəratını təyinetmə hüququ”nu da tanıyırdılar. Putinə “sən tanıdın, mən də tanıdım” demək hansı suverenlikdir? Bu, absurddur, növbəti hiylədir. Eyni şeyi Makron və Fransa barədə də demək olar. Model belə idi: bütün bu ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyırdılar və eyni zamanda “Qarabağ xalqı”nın (Qarabağdan könüllü köç etmiş ermənilər-red.) “öz müqəddəratını təyinetmə hüququ”nu da tanıyırdılar. Madrid prinsipləri də məhz bunu nəzərdə tuturdu. Referendum son akkord olmalı idi”, - deyə Köçəryan bildirib.

O əlavə edib ki, Paşinyandan əvvəl heç kim Azərbaycanın ərazi bütövlüyünü dəqiq kvadratkilometrlərlə tanımamışdı.

Paşinyanın cəmiyyətə “Rusiya Ermənistanı tək qoydu” və “kiçik Ermənistanın başqa nə imkanı var idi” mesajını ötürməyə çalışdığı barədə suala cavabında Köçəryan bildirib ki, belə yanaşmalar absurddur.

O xatırladıb ki, məhz Rusiya müharibəni dayandırdı, İlham Əliyevi BMT qərarı və ya qətnaməsi olmadan dayandırmağa razı saldı, sülhməramlılar yerləşdirdi və “status məsələsi”ni gələcəyə saxladı.

Köçəryan həmçinin qeyd edib ki, oktyabr ayında Paşinyana sülh təklif olunmuşdu, lakin o, bunu rədd etmişdi.

“Ermənistanın tam məğlubiyyətinin qarşısını almaq üçün Rusiya müdaxilə etdi, şübhəsiz ki, Azərbaycana təzyiq göstərdi və sülhməramlılar yerləşdirdi. Bundan sonra necə demək olar ki, onlar bizi tək qoydular? O, noyabrın 9-u bəyanatında nəzərdə tutulduğu kimi status-kvonu qorumaq üçün hər şeyi etməli idi. Amma o, bunun pozulması üçün hər şeyi etdi. BMT qətnamələri yox idi. Bütün bəyanat Rusiya prezidentinin “Qarabağ”ı xilas etmək iradəsinin ifadəsi idi. O isə bütün bu konstruksiyanı dağıtdı. Sülhməramlıların atəş açmaq mandatı yox idi. Ermənistan faktiki olaraq üçtərəfli bəyanatdan çıxdı, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı və məsələ Azərbaycanın daxili işinə çevrildi. “Müdafiə ordusu” (ləğv edilmiş qanunsuz hərbi birləşmə-red.) avtomatik olaraq silahlı birləşmə oldu, “Qarabağ xalqı” isə “öz müqəddəratını təyin etməyə çalışan xalq” yox, separatçı kimi təqdim edildi”, - deyə Köçəryan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin