Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan “Böyük siyasət” podkastının dördüncü buraxılışı zamanı, Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya son səfərini şərh edərkən bildirib.
Sabiq erməni prezident qeyd edib ki, səfər Paşinyanın təşəbbüsü ilə baş tutub və məqsəd yenidən protokol xarakterli çıxışlar etmək, onun Rusiyada, Avropada və ABŞ-də qəbul edilən şəxs olduğunu göstərmək idi.
Onun sözlərinə görə, bu dəfə Rusiyanın səbrinin sonsuz olmadığı açıq şəkildə görünüb və baş verməli olan da baş verib.
“Hətta söhbət görüşün özündən yox, ondan əvvəl və sonra verilən siqnallardan gedir. Mesaj ondan ibarətdir ki, daha geopolitik hiylələrə əl atmaq kifayətdir. Biz çox yaxşı başa düşürük ki, siz nə edirsiniz və bu, artıq keçməyəcək - əsas mesaj budur”, - deyə Köçəryan bildirib.
Hakimiyyətin “güclü adam” görüntüsü yaratmağa çalışması ilə bağlı suala cavab verən Köçəryan vurğulayıb ki, Paşinyanın əsəbiliyi açıq görünürdü və görüşün mənası bundan ibarət idi: Rusiya fövqəldövlət kimi bildirir ki, son dərəcə ciddi problemlər var və əgər bu davam etsə, nəticələri olacaq.
Qarabağla bağlı ittihamları da şərh edən sabiq erməni prezident bildirib ki, fövqəldövlət hesabına “xoruzlanmaq” əks nəticə verməli idi.
“2018-2020-ci illərdə o, Türkiyə və Azərbaycanla xoruzlanırdı. Bu dərs olmadı ki, siyasətdə xoruzlanmaq yaxşı deyil, xüsusilə də çox zəifsənsə”, - deyə Köçəryan qeyd edib.
Onun sözlərinə görə, Paşinyanın suverenliyinin tam olmaması onun istifadə etdiyi ifadələrdə özünü göstərir və bu, komplekslərini aşmaq üsuludur.
Köçəryan hesab edir ki, Ermənistan heç vaxt indiki qədər asılı vəziyyətdə olmayıb. Onun fikrincə, Rusiyadan asılılıq obyektiv xarakter daşıyır, digər mərkəzlərdən asılılığı isə Ermənistan hakimiyyəti özü formalaşdırır.
“Ümumiyyətlə, mütləq müstəqillik ola bilməz. “Suverenlik” anlayışının həddən artıq qabardılması komplekslərdən xəbər verir. O, axmaqlıqlar edir, sonra onların nəticələri ilə mübarizə aparır və qəhrəmancasına yalnız özünün bunları aradan qaldıra biləcəyini bəyan edir”, - deyə Köçəryan əlavə edib.
Putinlə münasibətlərinin necə qurulduğu ilə bağlı suala cavabında sabiq erməni prezident bildirib ki, o, həm Rusiya prezidenti, həm də digər liderlərlə münasibətlərində “şərəf və ləyaqət” prinsiplərini rəhbər tutub və ölkəsinin maraqlarından çıxış edib.
“Bu illər ərzində Rusiya prezidenti ilə aktiv təmaslarım olub və etimadsızlığa səbəb olacaq heç bir məqam olmayıb. Dövlətlərarası münasibətlərdə yalan hər zaman üzə çıxır. Əgər görsələr ki, kimsə yalan danışır, ona etibar etməzlər. Rəsmi görüşlər keçirərlər, amma barmaqları çarpaz vəziyyətdə saxlayarlar”, - deyə Köçəryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az