Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Erməni deputat müddətli hərbi qulluqçuların sayının azalmasına toxunub, statistik məlumatlar təqdim edib, bu kontekstdə vətəndaşlıqdan imtina meylləri və buna qarşı mübarizə mexanizmlərinin tətbiqindən danışıb. Hayk Sarkisyan hərbi xidmət sahəsində gördüyü addımları ətraflı izah edib, hökumətlə birgə iş zamanı yaranan problemlərdən bəhs edib.
Sarkisyan hərbçilərin sayını artırmaq üçün xidmətin yuxarı yaş həddinin artırılmasını, xidmətdən yayınmaq üçün tibbi ekspertizadan imtinanın cinayət məsuliyyətinə cəlb edilməsini, xidmətdən yayınan şəxslərə müəyyən məbləğ müqabilində qısamüddətli xidmət imkanı verilməsini təklif edir ki, bu artıq 27 yaşı tamam olanlar üçün nəzərdə tutulub, həmçinin vətəndaşlıqdan imtina üçün yüksək ödənişin müəyyən edilməsini təklif edir.
Sarkisyanın sözlərinə görə, bu addımlar nəticəsində çağırışçıların sayını artırmaq mümkün olacaq ki, bu da xidmət müddətinin 6 ay azaldılmasına və toplanan vəsaitin tam müddətlə xidmət edən hərbi qulluqçulara yönəldilməsinə imkan verəcək.
Erməni deputat qeyd edib ki, xidmət müddətinin azaldılması əsas məqsəd olmayıb, bu, əlavə nəticədir.
Deputatlarla sual-cavab formatında Sarkisyan təqdim etdiyi qanunvericilik paketinin müzakirə mərhələləri və bir sıra müddəalar barədə izahat verib.
Komissiya sədri Andranik Köçəryan bildirib ki, parlament aparatının ekspert və analitik idarəsi geniş rəy təqdim edib və orada bir sıra müddəaların Konstitusiyaya zidd olduğu qeyd olunub.
Həmməruzədə komissiya üzvü Artyom Mehrabyan Ermənistan parlamentinin aparatının ekspert və analitik idarəsinin rəyini narahatedici hesab edib, qanunvericilik paketinə qarşı olduğunu bildirib və onun yenidən işlənməli olduğunu qeyd edib.
Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan bildirib ki, hökumət bu məsələnin qəbulunu məqsədəuyğun hesab etmir və bu təşəbbüsə müsbət rəy verilməsindən çəkinməyi təklif edib. O əlavə edib ki, xidmət müddətinin azaldılması 2021-2026-cı illər üzrə hökumət proqramına daxil edilib.
Sarkisyanın təqdim etdiyi narahatedici statistik məlumatlara cavab olaraq Ermənistan müdafiə nazirinin müavini bildirib ki, aparılan dəyişikliklər nəticəsində 2022-2026-cı illər ərzində çağırılanların sayı 2022-ci illə müqayisədə 25 faiz artıb.
Sarkisyanın fikrincə, belə tənzimləmə ilə problem həll olunmayacaq, sadəcə pulla azad olunanların sayı və büdcəyə daxil olan vəsait artacaq. “Şərti olaraq 3000 nəfər pulla ordudan azad olma imkanından istifadə etsə, bu o demək deyil ki, bizim çağırışçılarımızın sayı 3000 nəfər artacaq”, - deyə o bildirib.
“İlk dəfə bu təşəbbüs Sarkisyan tərəfindən 2025-ci ilin may ayında təqdim olunmuşdu, bundan sonra bir sıra dəyişikliklər, o cümlədən qanunvericilik dəyişiklikləri həyata keçirilib: xidmət müddəti 24 ay əvəzinə 18 ay müəyyən edilib, “Vətənin müdafiəçisi” proqramı üzrə müqaviləli hərbi qulluqçuların sayı 5300-ü keçib ki, bu da müsbət göstəricidir, həmçinin 404 saylı qərarda dəyişiklik edilib və qanunvericilik təkmilləşdirilir.
“Hayastan” fraksiyasından Geğam Manukyan pulla bağlı fərqləndirmənin məcburi hərbi xidmət məsələsində tətbiq edilməsini qəbuledilməz hesab edib, paketin Konstitusiyaya zidd olduğunu bildirib. Onun sözlərinə görə, belə tənzimləmə həm də cəmiyyətdə parçalanmaya səbəb olacaq.
Səsvermənin nəticələrinə görə məsələ komissiya tərəfindən mənfi rəy alıb”, - deyə Ermənistan KİV-ləri bildirib.
Alpər Mövludoğlu
Ordu.az