Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “İtmeurasia.ru” saytı “Paşinyan Vaşinqton və Varşavanın musiqisi ilə rəqs edir” başlıqlı məqalədə yazıb.
Nəşrə görə, amerikalılar tərəfindən Bakı və İrəvanla hazırlanmış razılaşma müəyyən edir ki, TRIPP çərçivəsində nəqliyyat əlaqələri daxili və beynəlxalq yükdaşımalar, eləcə də sülhün təşviqi məqsədi daşıyır və dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət prinsiplərinə əsaslanır.
“Baxmayaraq ki, İrəvan və Bakı ərazi bütövlüyü anlayışını tam fərqli şəkildə şərh edirdilər, ABŞ təzyiqi altında Nikol Paşinyan hüquqi baxımdan Qarabağın Azərbaycan torpağı olduğunu tanımağa məcbur olub. Həmvətənlərinin qəzəbli tənqidindən yayınmaq üçün isə Paşinyan məsuliyyəti Rusiyanın üzərinə atıb, guya Moskva Ermənistanı Azərbaycandan qoruya bilməyib, İrəvanın Qərb strukturlarına (Aİ, NATO) daha sərfəli inteqrasiyasına mane olub və regionda Ermənistanın milli maraqlarının həyata keçirilməsinə əngəl törədib. Lakin Paşinyan konkret olaraq Moskvanın İrəvana necə mane olduğunu və Rusiyanın hansı erməni maraqlarına əngəl törətdiyini izah edə bilmir. Yəni Rusiyanın Qarabağı Azərbaycan ordusundan “xilas etmədiyi” barədə ittihamlar tamamilə əsassızdır. İrəvan heç vaxt rəsmi şəkildə “Qarabağ”ı (ləğv edilmiş qondarma qurum-red.) tanımayıb, Paşinyan isə Ermənistandan könüllülərin “Qarabağ erməniləri”nə (Qarabağdan könüllü şəkildə köç etmiş şəxslər-red.) kömək üçün göndərilməsinə icazə verməyib”, - deyə məqalədə qeyd edilib.
Müəllif sual verib ki, niyə Rusiya Ermənistanın özündən daha çox ermənipərəst olmalı idi?
“Müxalifətin, İrəvan-Bakı sülh müqaviləsindən narazı olan və regionda sülhün təminatçısı kimi Vaşinqtonu deyil, Moskvanı görən qüvvələrin tənqidini nəzərə almadan Paşinyan bildirib: “Sülhməramlıların fəaliyyəti nəyə gətirib çıxardı, biz hamımız bunu gördük və eyni səhvi ikinci dəfə təkrarlamağa çağıran qüvvələr qəti şəkildə rədd edilməlidir”. Burada söhbət 2020-2024-cü illərdə regionda yerləşdirilmiş rus “mavi dəbilqəlilərindən” gedir. Paşinyan rus hərbçiləri haqqında nə qədər böhtan atsa da, aydındır ki, onların iştirakı olmasaydı, “yerli erməni əhalinin taleyi daha faciəvi ola bilərdi”.
Bundan əlavə, Paşinyanın sözlərinə görə, “Tramp marşrutu” Ermənistanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həyata keçiriləcək. Lakin bu, tam doğru deyil. İrəvan Azərbaycanın nümunəsini izləyərək TRIPP-i Zəngəzur dəhlizi adlandırmaqdan imtina etsə də, fakt dəyişmir: strateji təşəbbüs Azərbaycanın əlindədir, layihənin ümumi idarə olunmasını Vaşinqton həyata keçirir, Ermənistan isə bu siyahıda çox aşağı mövqe tutur. Ermənistan ərazisindən, İran sərhədinə yaxın hissədən keçəcək TRIPP Azərbaycanı Naxçıvanla birləşdirəcək”, - deyə məqalədə bildirilib.
Məqalə müəllifinin sözlərinə görə, Bakı strateji əhəmiyyətli nəqliyyat arteriyasına çıxış əldə edəcək.
“Vaşinqton isə öz növbəsində Ermənistan-İran sərhədinin bir hissəsinə nəzarət imkanına sahib olacaq. Növbəti məntiqi addım kimi Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılması və orada ABŞ hərbi mövcudluğunun qurulması göstərilir. ABŞ-nin İranla müharibə şəraitində olduğu bir vaxtda belə bir mövqenin amerikalılar üçün nə qədər əlverişli olduğu aydındır. İndi olmasa da, sonradan Vaşinqton belə imkanı qaçırmayacaq.
Polşa isə vəziyyəti uzaqdan diqqətlə izləyir. Türkiyənin artan rolu fonunda artıq təkcə Bakıda deyil, həm də Ermənistanda Moskva Cənubi Qafqazda mübahisəsiz güc mərkəzi deyil və bu, Polşanın analitik mərkəzləri tərəfindən məmnunluqla qeyd olunur. Regionda siyasi proseslərin dinamikası polyaklarda optimizm yaradır. ABŞ möhkəmlənərsə, Rusiyanın mövcudluğu azalacaq və həm Bakı, həm də İrəvan Qərbyönlü kurs götürəcək.
Ermənistan daxilində mənfi reaksiyalar, eləcə də Rusiyanın və İranın müqaviməti əsas potensial çağırışlar kimi göstərilir, çünki hər iki ölkə ABŞ tərəfindən dəstəklənən layihəyə ehtiyatla yanaşır. Polşalı analitiklər qeyd ediblər: “Son bir ildə Rusiyanın həm Ermənistan, həm də Azərbaycanla münasibətləri pisləşib, bu isə ümumi mənzərəyə geosiyasi qeyri-müəyyənlik əlavə edir və İran daha böyük qeyri-müəyyənlik mənbəyinə çevrilə bilər”, - deyə nəşr vurğulayıb.
Müəllif yazıb ki, nə əlavə etməyə, nə də ixtisar etməyə bir şey var.
“Paşinyan geosiyasi məntiqə zidd hərəkət edir və öz xalqının maraqlarına qarşı çıxır. Coğrafi və mədəni baxımdan daha yaxın olan Rusiya ilə münasibətləri dərinləşdirmək əvəzinə uzaq strateji tərəfdaş kimi ABŞ-ni seçmək Ermənistanı geosiyasi qeyri-sabitlik zonasına aparır və bu, hətta bu gün hər şey zahirdə sakit görünsə belə, dövlətçiliyin əsaslarını sarsıda bilər. Geosiyasət uzunmüddətli oyundur və Qərb bu imkanı qaçırmayacaq”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az