Ordu.az xəbər verir ki, bunu rusiyalı analitik Vladimir Yevseyev deyib.
Onun qiymətləndirməsinə görə, Vaşinqton və Təl-Əvivdə ilkin hesablamalar qısamüddətli və yüksək texnologiyalı təzyiq vasitəsilə İranın hərbi və nüvə potensialını sarsıtmaq üzərində qurulmuşdu, lakin bu ssenari reallaşmayıb.
Yevseyev qeyd edib ki, İran nəinki cavab zərbəsi imkanını qoruyub saxlayıb, hətta əsas üstünlüklərindən, geosiyasi mövqeyindən və enerji rıçaqlarından istifadə edərək qarşıdurmaya hazır olduğunu göstərib.
“Bu fonda Hörmüz boğazı ətrafındakı gərginlik müharibənin əsas amilinə çevrildi, çünki qlobal neft tədarükünün əhəmiyyətli hissəsi məhz burada cəmləşib. İran göstərdi ki, o, təkcə hərbi deyil, həm də qlobal iqtisadi proseslərə təsir göstərə bilir və bununla da istənilən danışıqlar masasında öz çəkisini artırır. Məhz buna görə də hərbi təzyiq şəraitində Tehran güzəştlərə getməyə tələsmir. Xüsusilə ABŞ tərəfindən gündəmə gətirilən danışıqlarla bağlı fəal müzakirələr isə real diplomatik irəliləyişdən daha çox siyasi və informasiya taktikasını əks etdirir. İran birbaşa danışıqlar faktını inkar etməyə davam edir və yalnız vasitəçilər vasitəsilə ünsiyyəti qəbul edir. Bu isə vacib məqamdır, çünki tərəflərin hələ real kompromisə hazır olduqları səviyyəyə çatmadığını göstərir. Onların tələbləri hələ də prinsipial şəkildə uzlaşmır”, - deyə analitik bildirib.
O hesab edir ki, bu şəraitdə kifayət qədər maraqlı qüvvələr balansı formalaşır.
Analitikin fikrincə, ABŞ rolunu qorusa da, siyasi baxımdan mövqeləri daha mürəkkəbləşib: müharibə çətin, baha başa gələn, uzunmüddətli, daxili siyasi baxımdan problemli, məqsədlər baxımından isə qeyri-müəyyən və anlaşılmazdır.
“İsrail daha sərt xətti qoruyur və qarşıdurmanın uzanmasında maraqlıdır, çünki qarşıya qoyulan məqsədlərə tez nail olmağın mümkün olmadığını anlayır. İran isə bir çox proqnozların əksinə olaraq müqaviməti effektiv təşkil edə bilib və mövqelərini möhkəmləndirib. Bütün bunlar göstərir ki, müharibənin başa çatmasından danışmaq hələ tezdir. Daha doğru olar ki, deyək: münaqişə öz formasını dəyişir. Açıq hərbi toqquşmaların intensivliyi dəyişsə də, gərginlik qalır və gələcəkdə də bu cür tendensiyalar davam edə bilər. Ən real ssenari yekun razılaşma olmadan deeskalasiya ssenarisidir. Yəni tərəflər hərbi zərbələrin intensivliyini azaltmağa çalışacaqlar, lakin mövqelərindən geri çəkilməyəcəklər. Hazırkı mərhələdə üstün mövqedə olan tərəf hərbi meydanda qalib gələn deyil, siyasi və iqtisadi səviyyədə öz gündəliyini diktə edə biləndir. Bu baxımdan İran hazırda bir çoxlarını məyus edərək müqavimət göstərməyi və şərtlər diktə edən tərəfə çevrilməyi bacarıb. Lakin bu, yekun nəticə deyil, müharibə də davam edir, müxtəlif oyunçular arasında danışıqlar da davam edrir. Unutmayaq ki, quru əməliyyatı ehtimalı da müzakirə olunur və bu da gözlənilməz nəticələr doğura bilər, halbuki bir çoxları bu məsələdə ABŞ-nin şansının olmadığını düşünür”, - deyə analitik vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az