Paşinyan müharibə ilə bağlı hansı mühüm sənədləri məxfilikdən çıxarmalıdır?

2026/03/1774598209.jpg
Oxunub: 472     11:18     09 Aprel 2026    
Martın 25-də parlament-hökumət sual-cavab iclasında və martın 26-da hökumətin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə Nikol Paşinyan yenidən Qarabağdan (könüllü-red.) köç etmiş şəxslərin döyüşüb-döyüşməməsini şübhə altına alıb, “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) hərbi-siyasi elitası”nı, generalları qaçan və xəyanətkar adlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Nikol Paşinyan hansı mühüm sənədləri məxfilikdən çıxarmalıdır” başlıqlı məqaləsində yazıb.

“Gəlin buna bir neçə epizod və sual vasitəsilə toxunaq.

Əvvəlcə, martın 25-də parlamentin tribunasından Paşinyan xatırladıb ki, bir dəfə parlamentdə generallar haqqında danışarkən onları qorxaq xəyanətkarlar adlandırıb.

“Bəli, bu hekayədə qorxaq xəyanətkarlar və qaçmış elitalar Ermənistan və “Qarabağ xalqı”nı girov saxlayanlar kimi öz qiymətini almalıdır”, - deyə o bildirib. Halbuki o, öz siyasi həyatında kifayət qədər geri çəkilmələr və qorxular nümayiş etdirib, o cümlədən bunu siyasi məsuliyyətdən peşəkar şəkildə yayınmaq baxımından edib”, - deyə nəşr bildirib.

KİV qeyd edib ki, 2023-cü il aprelin 12-də Nikol Paşinyan parlament-hökumət sual-cavabında generalların ünvanına ittihamlar səsləndirmiş, xüsusilə “müdafiə ordusu”nun (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) keçmiş komandanı, general Mikayel Arzumanyanı xəyanətdə və adi agent olmaqda ittiham etmişdi və bununla da təqsirsizlik prezumpsiyasını pozmuşdu.

“Mikayel Arzumanyan müharibə ilə bağlı iki epizod üzrə ittiham olunur: “Areqa” yüksəkliyinin itirilməsi və geri çəkilmə əmri verilməsi, həmçinin Şuşanın müdafiəsini lazımi şəkildə təşkil etməmək. Bu halda Nikol Paşinyan “Areqa” yüksəkliyi ilə bağlı epizodu nəzərdə tuturdu və reportajı ehtimal ki, İctimai Televiziyada izləyib.

Məsələ ondadır ki, hazırda bizə çatan məlumatlara görə, qapalı məhkəmə araşdırması zamanı “Areqa” yüksəkliyi ilə bağlı ittiham tamamilə dağılıb. Şuşa ilə bağlı isə mövcud hakimiyyətin ittihamlarına ehtiyatla yanaşmaq lazımdır, çünki bir nəfər Şuşanın itirilməsinə görə təkbaşına məsul ola bilməz.

Xüsusilə nəzərə alsaq ki, daha əvvəl də yazmışıq, Mikayel Arzumanyana qarşı ittiham faktiki olaraq 2020-ci il noyabrın 7-si ilə yekunlaşır. Halbuki bundan sonra, yazdığımız kimi, Nikol Paşinyan həmin vaxt Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyana Şuşanı geri almaq üçün əməliyyatlara başlamaq barədə göstəriş vermişdi. Bu isə sual doğurur: bunun üçün lazımi resurslar və şərait varmı idi?

Bu arada, bir dəfə belə sual vermişdik: Paşinyan hansı statusla Şuşanı əks-hücumla geri almaq əmri verib və ya niyə Şuşanın azərbaycanlılarla məskunlaşdırılması müqabilində onun erməni nəzarətində qalmasına razılaşmayıb?

2024-cü ildə də o, parlament tribunasından generalları və “Qarabağın hərbi-siyasi rəhbərliyi”ni qorxaq və fərari adlandırmışdı.

Digər tərəfdən, 2023-cü ildə “müdafiə ordusu”nun komandanı olmuş Kamo Vardanyanın Ermənistan Müdafiə Nazirliyində qəbul edildiyi, hətta ona Suren Papikyanın müşaviri statusunun verildiyi bildirilir. Bu, ictimai əsaslarla olsa belə, əsas məsələ onun qəbul edilməsidir”, - deyə məqalədə bildirilib.

KİV vurğulayıb ki, üstəlik, ötən il parlamentdə Nikol Paşinyan belə demişdi:

“Bu gün Silahlı Qüvvələrimizin rəhbərliyinin yarısı “qarabağlı”dır, ən yüksək səviyyədə. Bu gün ordumuz “qarabağlılar” tərəfindən idarə olunur. Əgər biz “qarabağlılar”a etibar etmiriksə, onları sevmiriksə, niyə onları bu vəzifələrə təyin etmişik? Əgər biz xəyanət etmişiksə, niyə onlardan heç kim demir ki, “qarabağlı” mənşəli bu şəxslər hansısa xəyanətə qarışıblar? Onlar hər şeyi içəridən bilirlər, bəs necə bizimlə işləyirlər? Bu sualın cavabını kim verəcək? Mən ad çəkməyim, amma deyirəm, bizim hərbi piramidanın ən yuxarı nöqtələrində “qarabağlılar” dayanır”.

Müəllif sual verib ki, bəs bu generallar da qorxaq xəyanətkarlar sayılırmı? Onlar doğrudanmı Paşinyanı xəyanətkar hesab etmirlər?

“Bu kontekstdə yenidən Mikayel Arzumanyan məsələsinə qayıdaq. Paşinyan onu 2020-ci ildən sonra hədəfə alıb, halbuki 2018-ci ildən sonra ona müxtəlif vəzifələr vermişdi.

Jurnalistlərlə son brifinqdə Paşinyan 2023-cü ilin sentyabr hadisələri və Qarabağdan köç etmiş şəxslərin döyüşməsi ilə bağlı belə deyib:

“2023-cü il hadisələrindən sonra Təhlükəsizlik Şurasında iclas keçirildi və döyüş əməliyyatlarının nəticələri təhlil olundu. Mən çox şeyi açıqlaya bilməsəm də, deməliyəm ki, döyüşlə bağlı iddialar həqiqətə uyğun deyil. Məlumatlara görə, mövcud silah-sursatın böyük hissəsi, təxminən 80 faizi istifadə olunmadan qalıb. Bundan əvvəl biz siyasi proses üçün imkan yaratmışdıq, lakin “Qarabağ rəhbərliyinin bəzi nümayəndələri” buna mane oldular və hətta “hakimiyyət dəyişikliyi” etdilər. Bundan bir həftə sonra isə məlum hadisələr baş verdi. Lazım olsa, bu məlumatları məxfilikdən çıxaracağıq. Bu miflər yalandır, döyüşməyiblər, qaçıblar”.

Buradan bir neçə sual yaranır. Birincisi, hansı kəşfiyyat məlumatlarından söhbət gedir və bu məlumatlar nə vaxt əldə olunub? Çünki 2023-cü ilin yayında artıq Bakıdan xəbərdarlıqlar səsləndirilirdi ki, Azərbaycan Qarabağdakı ermənilərin tam silahsızlaşdırılmasına çalışacaq.

İkincisi, İlham Əliyev bildirib ki, 2023-cü ilin sentyabr əməliyyatları nəticəsində 1 milyard dollarlıq silah məhv edilib və ya qənimət kimi götürülüb. Ermənistan tərəfindən bu silahların əvvəlcədən çıxarılması təklif olunmuşdumu?

Bundan başqa, Silahlı Qüvvələrin tətbiqi planına əsasən “müdafiə ordusu”na dəstək verilməli idimi və bu baş tutdumu?”, - deyə nəşr bildirib.

KİV xatrladıb ki, 2020-ci il müharibəsi nəticəsində Azərbaycan 5 milyard dollarlıq erməni silahını məhv edib və ya ələ keçirib.

“Niyə bu baş verdi? Paşinyanın “silah anbarı dolu idi” iddiasına gəldikdə isə istintaq orqanları bu məsələ ilə bağlı konkret təsdiq verməyib.

Həmçinin Paşinyan 44 günlük müharibə zamanı oğlunun iştirakına dair konkret faktları açıqlamalıdır: o harada olub, nə qədər qalıb və hansı döyüşlərdə iştirak edib?

Nəhayət, əsas sual budur: Paşinyan bu iddialarla bağlı konkret sübutlar təqdim edəcəkmi? 44 günlük müharibə ilə bağlı hesabatın, Təhlükəsizlik Şurasının iclaslarının və digər sənədlərin açıqlanması bir çox suallara cavab verə bilər.

Əks halda, bu məsələ açıq qalır və siyasi mübahisə daha da dərinləşir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin