KİV: Ermənistanın dövlət borcu artıq 14,5 milyard dolları keçib

2026/01/1768386474.jpg
Oxunub: 452     12:50     11 Aprel 2026    
Ermənistanın dövlət borcu problemi xüsusilə 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra tədricən yalnız maliyyə-iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyan siyasi və ictimai müzakirə mövzusuna çevrilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Hər bir vətəndaşın üzərinə düşən borc yükü davamlı olaraq artır” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, bu gün artıq bu məsələ daha çox ölkənin iqtisadi müstəqilliyini və uzunmüddətli inkişaf imkanlarını məhdudlaşdıra biləcək sistemli risklərin mənbəyi kimi qiymətləndirilir. Məlumdur ki, dövlət borcu istənilən müasir dövlətin maliyyə idarəetməsinin vacib tərkib hissəsidir. Lakin onun həcmi, strukturu, artım tempi və xidmət imkanları müəyyən edir ki, bu borc inkişaf alətinə çevriləcək, yoxsa ağır iqtisadi yük olacaq.

“Ermənistanın timsalında dövlət borcunun artımı xüsusilə o zaman daha aydın görünür ki, məsələ təkcə ümumi makroiqtisadi göstəricilər deyil, həm də əhalinin hər nəfərinə düşən borc baxımından qiymətləndirilir. 2026-cı il yanvarın 1-nə olan məlumata görə, Ermənistanda adambaşına düşən dövlət borcu təxminən 4,7 min dollara çatıb. Bu göstərici əvvəlki ildə 4,2 min dollar idi. Bu rəqəmlərin mahiyyətini anlamaq üçün onları Ermənistan iqtisadiyyatının strukturu, əhalinin gəlir səviyyəsi, iqtisadi artım tempi və sosial yük kontekstində nəzərdən keçirmək lazımdır.

Faktiki olaraq belə bir vəziyyət yaranır ki, hər bir vətəndaşa düşən borc öhdəliklərinin səviyyəsi davamlı şəkildə artır. Bu isə o deməkdir ki, dövlət maliyyəsinin sabitliyi məsələsi tədricən cəmiyyətin geniş təbəqələrinə təsir edən problemə çevrilir.

Dövlət borcunun ümumi həcmi də artmaqda davam edir. 2026-cı il yanvarın 1-nə olan vəziyyətə görə Ermənistanın dövlət borcu artıq 14,5 milyard dolları keçib ki, bu da dramla ifadədə 5,5 trilyondan çoxdur. Bu göstərici yalnız həcminə görə deyil, artım tempinə görə də diqqət çəkir. Əgər əvvəlki dövrdə borcun artımı təxminən 8,4 faiz qiymətləndirilirdisə, indi bu temp sürətlənərək təxminən 13,2 faizə çatıb. Bu isə o deməkdir ki, dövlət borcu bəzi əsas iqtisadi göstəricilərdən daha sürətlə artır və bu vəziyyət uzunmüddətli perspektivdə maliyyə sabitliyi ilə bağlı problemlər yarada bilər”, - deyə KİV bildirib.

Müəllif yazıb ki, borcun struktur xüsusiyyətləri də risklərin qiymətləndirilməsi baxımından vacibdir.

“Ermənistanın dövlət borcu xarici və daxili borcdan ibarətdir və bu iki komponentin nisbəti son illərdə ciddi dəyişikliklərə məruz qalır. Xarici borcun həcmi artıq 7 milyard dolları keçib, daxili borc isə təxminən 7,5 milyard dollara yaxınlaşıb. Rəqəmlər baxımından bu iki göstərici bir-birinə yaxın olsa da, onların iqtisadi təsiri və riskləri fərqli xarakter daşıyır. Xarici borc adətən beynəlxalq maliyyə təşkilatları, xarici dövlətlər və ya beynəlxalq kapital bazarları ilə bağlı olur. Bu isə xarici iqtisadi mühitdən, valyuta məzənnələrinin dəyişməsindən və beynəlxalq maliyyə şərtlərindən daha böyük asılılıq yaradır.

Daxili borc isə əsasən dövlət istiqrazlarının buraxılması yolu ilə formalaşır və ölkənin maliyyə bazarı ilə bağlıdır.

Statistik məlumatlar göstərir ki, son dövrlərdə xarici borcun dinamikası dəyişib. Əvvəllər o, təxminən 1 faizlik azalma ilə müəyyən qədər enmə meyli göstərirdisə, indi yenidən artaraq təxminən 9 faiz səviyyəsinə çatıb. Bu isə xarici maliyyələşmə tələbatının yenidən artdığını göstərir. Xarici borcun strukturunda əsas pay hökumət borcunun üzərinə düşür və bu göstərici təxminən 93 faiz təşkil edir. Mərkəzi Bankın payı isə təxminən 7 faizə enib. Rəqəmlərlə ifadə etsək, hökumətin xarici borcu təxminən 6,5 milyard dollar, Mərkəzi Bankın borcu isə təxminən 490 milyon dollardır. Bu nisbət də dövlət büdcəsinin üzərinə düşən yükün miqyasını göstərir”, - deyə məqalədə qeyd edilib.

KİV vurğulayıb ki, hökumətin xarici borcunun artımı da diqqət çəkir. Əgər əvvəllər demək olar ki, neytral dinamika müşahidə olunurdusa və hətta cüzi azalma meyli var idisə, indi bu borc təxminən 10 faiz artıb. Bu isə dövlətin xarici maliyyə mənbələrinə daha fəal şəkildə müraciət etdiyini göstərir.

“Daxili borcun strukturu da öz xüsusiyyətlərinə malikdir. O, əsasən dövlət istiqrazları hesabına formalaşır və daxili borcun təxminən 90 faizini təşkil edir. Rəqəmlə bu, təxminən 6,8 milyard dollardır. Dövlət istiqrazları maliyyə sisteminin mühüm alətidir, çünki dövlət onların vasitəsilə yerli bazardan vəsait cəlb edir. Lakin onların böyük paya malik olması həm də o deməkdir ki, dövlət borcunun artımı birbaşa daxili maliyyə bazarının imkanları ilə bağlıdır. Əgər bu bazar məhduddursa və ya iqtisadiyyat üçün kifayət qədər böyük deyilsə, dövlət borcunun artması maliyyə sisteminə təzyiq göstərə bilər.

Daxili borcun artım tempı müəyyən qədər zəifləsə də, hələ də kifayət qədər yüksək olaraq qalır. Əgər əvvəllər artım təxminən 19,5 faiz idisə, indi bu göstərici təxminən 17,3 faizdir. Bu müəyyən yavaşlama sayılsa da, belə temp uzunmüddətli perspektivdə maliyyə sisteminin həddindən artıq yüklənməsinə gətirib çıxara bilər. Xüsusilə kiçik iqtisadiyyata malik ölkələrdə dövlət borcunun daxili maliyyə bazarından həddindən artıq asılı olması elə bir vəziyyət yarada bilər ki, özəl sektor üçün kredit resursları məhdudlaşsın.

Borcun strukturunda avroistiqrazlar da mühüm rol oynayır. Ermənistanın avroistiqrazlarının ümumi borcdakı payı müəyyən qədər azalaraq təxminən 8,7 faizdən 8,1 faizə düşüb. Lakin onların həcmi artmaqda davam edir və 607 milyon dollardan çoxdur. Avroistiqrazlar beynəlxalq kapital bazarlarından maliyyə cəlb etməyin mühüm vasitəsidir, lakin bununla bağlı risklər də böyükdür. Bu öhdəliklər adətən beynəlxalq maliyyə bazarlarının dalğalanmalarına, faiz dərəcələrinin dəyişməsinə və investorların etimad səviyyəsinə həssas olur.

Dövlət borcunun problemli tərəfləri daha aydın şəkildə iqtisadi sabitlik və dövlət siyasəti kontekstində görünür. Birinci problem borcun xidmət xərclərinin artması ilə bağlıdır. Borcun həcmi artdıqca, dövlət büdcəsindən faizlərin və əsas borcun ödənilməsinə daha çox vəsait ayrılmalıdır. Bu isə öz növbəsində təhsil, səhiyyə, infrastruktur və sosial proqramlar kimi sahələrə dövlət investisiyalarını məhdudlaşdıra bilər”, - deyə KİV bildirib.

Müəllifin sözlərinə görə, ikinci mühüm problem ondan ibarətdir ki, dövlət borcunun artması ölkənin xarici mənbələrdən maliyyə asılılığını gücləndirə bilər. Kiçik və açıq iqtisadiyyata malik ölkələrdə xarici maliyyələşmədən böyük asılılıq tez-tez belə vəziyyət yaradır ki, iqtisadi siyasət müəyyən dərəcədə xarici maliyyə mərkəzlərinin tələbləri ilə şərtlənir. Bu isə iqtisadi müstəqilliyi və siyasi qərarların azadlığını məhdudlaşdıra bilər.

“Üçüncü problem borc ilə iqtisadi artım arasındakı nisbətlə bağlıdır. Əgər iqtisadiyyat dövlət borcundan daha sürətlə böyüyürsə, borc yükü nisbətən azalır. Lakin borc daha sürətlə artırsa, bu o deməkdir ki, iqtisadiyyat tədricən borc öhdəlikləri ilə yüklənir. Ermənistanın timsalında son illərdə iqtisadi artım bəzi dövrlərdə yüksək olsa da, bu əsasən müəyyən xarici amillərlə bağlı olub. Bu baxımdan əsas sual ondan ibarətdir ki, həmin artım sabit və uzunmüddətli xarakter daşıyacaqmı?

Dövlət borcu problemi həm də sosial və demoqrafik əhəmiyyət daşıyır. Adambaşına düşən borc artdıqca, bu o deməkdir ki, gələcək nəsillər ya vergilər vasitəsilə, ya da dövlət xərclərinin azaldılması hesabına həmin borcun ödənilməsində iştirak etməli olacaqlar. Bu, xüsusilə əhalisi artmayan və ya hətta azalan ölkələr üçün daha böyük əhəmiyyət kəsb edir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Borc  


Bizi "telegram"da izləyin