İsrail-Husi Gərginliyi Artır: Beynəlxalq Hava Limanı və Sənaye Obyektləri Bombalandı

2025/05/Airpo-1746609383.jpg
Oxunub: 500     14:21     07 May 2025    
İsrail ordusu (IDF) Yəmənin paytaxtı Sənada beynəlxalq hava limanı, elektrik infrastrukturu və sənaye obyektlərini hədəf alan genişmiqyaslı hava hücumları təşkil etdiyini açıqlayıb.

Çərşənbə axşamı günü edilən hücumlar husilərin İsrailin Ben Qurion hava limanı yaxınlığına ballistik raketlər atmasına cavab olaraq ikinci hücum olub.

IDF hava limanı ətrafındakı mülki şəxslərə əvvəlcədən xəbərdarlıq edərək, "Sizi təxliyyə etməsəniz, təhlükə altındasınız" sözləri ilə ərazini tərk etməyə çağırıb . Bu, İsrailin Husi hədəfləri ilə bağlı ilk rəsmi xəbərdarlığı kimi qeydə alınıb.

Hərbi və mülki hədəflər vuruldu

Aeroport mənbələri "Reuters"ə bildiriblər ki, zərbələr üç mülki təyyarəyə, uçuş salonuna, uçuş-enmə zolaqlarına və husilərin nəzarətində olan hərbi bazaya endirilib. Bu arada IDF elan edib ki, hədəfə alınan digər obyektlər arasında şimalda Əl-İmran sement zavodu, cənubda Attan bölgəsi, Sənhandakı Haiz Elektrik Stansiyası və Əsr bölgəsindəki başqa bir elektrik stansiyası var.

IDF bildirib ki, Əl-İmran fabriki Husi rejimi üçün strateji əhəmiyyətə malikdir, tunellər və terror infrastrukturu qurmaq üçün istifadə olunur. Bazar ertəsi gecə İsrail ordusu 20 döyüş təyyarəsi və 50 sursatdan, istifadə edərək 2000 km uzaqlıqdakı Hudeydə limanına və ətraf obyektlərə hücum edib. Həmçinin bildirilib ki, hədəfə alınan Bacil sement zavodundan tunellərin və hərbi infrastrukturun tikintisində istifadə olunub.

İsrail-Husi qarşıdurmasında yeni dövr

Husi milisləri Qəzzada başlayan İsrail-HƏMAS müharibəsini dəstəklədiklərini əsas gətirərək, İsrailə qarşı raket və pilotsuz uçuş aparatı hücumlarını artırıb. Ben-Qurion hava limanı yaxınlığında baş verən son hücumdan sonra Avropa və ABŞ hava yolu şirkətləri uçuşları ləğv edib və İsrailin Baş naziri Netanyahu qisas alacağını vəd edib.

Husilərin nəzarətində olan Yəmən Səhiyyə Nazirliyi bazar ertəsi Hudeydə bölgəsinə edilən hücumlarda 4 nəfərin öldüyünü və 39 nəfərin yaralandığını açıqlayıb. Çərşənbə axşamı günü baş verən hücumlarda ölənlərin sayı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

İranın təsiri və qlobal təhlükəsizlik narahatlığı

İsrail ordusu Husi milislərinin İranın göstərişi və maliyyə dəstəyi ilə hərəkət etdiyini, bu strukturların regional sabitliyi və qlobal naviqasiya azadlığını təhdid etdiyini bildirib. İsrail Müdafiə Nazirliyinin bəyanatında qeyd edilib: "İsrailə təhlükə yaradan hər kəs harada olursa olsun, vurulacaq".

ABŞ-nin də İsraillə koordinasiyalı şəkildə Sənadakı bəzi Husi hədəflərinə hücumlar təşkil etdiyi bildirilir. Bu, İsrailin 2024-cü ilin iyul ayından etibarən Husi hədəflərinə yeddinci hava hücumu idi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Husi  


Bizi "telegram"da izləyin