Danışıqların İrana təsiri
Reformist və mülayim siyasi qrupların uzun illərdir danışıqları dəstəklədikləri məlumdur. 2015-ci il razılaşması keçmiş prezident Həsən Ruhani və keçmiş xarici işlər naziri Cavad Zərifin rəhbərlik etdiyi prosesin nəticəsi idi. 2024-cü ildə İbrahim Rəisinin helikopter qəzası nəticəsində vəfat etməsindən sonra ölkənin yeni prezidenti Məsud Pezeşkian oldu. Reformist siyasətçi olan Pezeşkian seçki kampaniyasında nüvə danışıqlarını bərpa edəcəyini və bu proseslə İran üzərindəki sanksiyaları aradan qaldıracağını vəd etmişdi. Bu çərçivədə xarici siyasət komandasını formalaşdıran Pezeşkian illərlə Zərifin komandasında yer alan və İranın baş nüvə danışıqları nümayəndəsi olmuş Abbas Əraqçini xarici işlər naziri təyin etdi. Zərifi isə Strateji işlər üzrə prezident köməkçisi vəzifəsinə gətirdi.
Parlamentdəki mühafizəkar deputatların Zərifə olan etirazları və nazirlərin parlamentdən etimad səsi almalarının zəruri olması səbəbilə Pezeşkian onu xarici işlər naziri kimi təqdim etmədi. Bununla belə, Zərifin övladlarının ABŞ vətəndaşı olmaları üzərindən aparılan tənqidlər və araşdırmalar nəticəsində Zərif istefa verdi. O, istefasını 2 martda təqdim etsə də, bu istefa yalnız 15 aprel tarixində Pezeşkian tərəfindən qəbul edildi. Bu müddət ərzində isə danışıqlar başladı. Zərifə qarşı çıxan deputatlar parlamentdə “Paydari Cəbhəsi” kimi tanınan qrupun üzvləri idi. Bu qrup Pezeşkian hökumətinə və nüvə danışıqlarına qarşı çıxması ilə tanınır və danışıqların baş tutmaması üçün cəhd göstərirdilər.
Ancaq İranın ali lideri Ayətullah Əli Xameneyinin danışıqlara dəstək verməsi və ehtiyatlı bir şəkildə bu prosesi müdafiə etməsi nəticəsində “Paydari Cəbhəsi” bu mövzuya açıq şəkildə qarşı çıxmaqdan çəkinməyə başladı. Yalnız “Paydari Cəbhəsi” deyil, digər mühafizəkar aktorlar da bu prosesə qarşı səssiz qalmağı üstün tutdular. Məsələn, bu məsələdə sərt mövqeyi ilə tanınan Səid Cəlili belə, gedən prosesə qarşı çıxmaq əvəzinə səssiz qalmağı seçdi.
Bununla belə, mühafizəkar cəbhəni vahid bir fikir kimi qəbul etmək doğru olmaz. Bəzi fiqurlar aparılan danışıqları müxtəlif dərəcələrdə dəstəkləyərkən, bəziləri isə əleyhinə çıxış edir. Danışıqları dəstəkləyənlər arasında keçmiş İnqilab Keşikçiləri Ordusunun komandiri və hazırda Məsləhət Şurasının üzvü olan Möhsen Rzai də var. O, 8 aprel tarixində “X” platformasında paylaşdığı açıqlamada İranın maraqlarını danışıqlar yolu ilə qoruyacağını bildirdi. Yenə mühafizəkar siyasətçi Səid Məhəmməd də danışıqların başlandığı gün olan 12 apreldə Xameneyinin Qum şəhərindəki müqəddəs ziyarətgahları ziyarət etməsini və danışıqların uğurla nəticələnməsi üçün dua etməsini paylaşaraq prosesə dolayı yolla dəstək verdi.
Əlbəttə, danışıqlara qarşı çıxan və onların uğursuz olmasını sanki proqnozlaşdıranlar da var. Hüseyn Şəriətmədari, Meysəm Nili və Əli Naderi kimi mühafizəkar jurnalistlər bu qrupdadır. Amma yenə qeyd etmək lazımdır ki, Xameneyinin dəstək verdiyi bir prosesə mühafizəkar qrupların əsaslı şəkildə etiraz etmə şansları yoxdur. Onlar yalnız danışıqların formatı, metodları və gedişatı ilə bağlı tənqidlərini irəli sürə bilirlər. Məsələn, “Keyhan” qəzetinin redaktoru və baş yazarı olan Hüseyn Şəriətmədari ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun İranın “silahsızlaşdırılması” ilə bağlı açıqlamasından sonra “İranın qırmızı xətləri aşılmışdır” deyərək sərt reaksiya göstərdi. Lakin növbəti danışıqlar raundundan sonra xarici işlər naziri Əraqçi bu tənqidlərin qarşısını almaq üçün “nüvə fəaliyyəti xaricində heç bir mövzunu müzakirə etmədik” açıqlamasını verdi.
İranın “qırmızı xətləri”
İranın danışıqlar prosesində bəzi “qırmızı xətləri” mövcuddur. Bəzi həssas məsələlər İran ictimaiyyəti və siyasi elitalar tərəfindən müzakirə obyektinə çevrilir və bu yolla danışıqlar heyətinə təzyiq göstərilir. Danışıqların “birbaşa” yoxsa “dolayı” aparılması da bu mövzulardandır. İran tərəfi ABŞ heyəti ilə birbaşa təmasa keçmədiklərini və danışıqların Oman vasitəsilə aparıldığını hər fürsətdə bildirirlər. Bu strategiya danışıqlar uğursuzluqla nəticələnərsə, ABŞ-yə etibar etmədikləri və birbaşa qarşı tərəf kimi qəbul etmədikləri səbəbinə söykənmə imkanı verir. Yəni iranlılar 2018-ci ildə razılaşmadan birtərəfli şəkildə çəkilən ABŞ-yə hələ də güvənmədiklərini və birbaşa danışıqlara başlamaq üçün zəmanət tələb etdiklərini bildirirlər. Bu zəmanət isə texniki müzakirələrin başlaması və yekun razılaşmadan öncə keçici razılaşmalar vasitəsilə ortaya çıxa bilər.
Hər halda, İran 2013-2015 dövründəki gücündən uzaqdır və razılaşmaya, eləcə də iqtisadi rahatlamaya ehtiyacı var. Orta Şərq geosiyasəti də son on ildə ciddi şəkildə dəyişib. Bu səbəbdən 10 il öncəki kimi canlı və sərt danışıqları İran ictimaiyyətində görmək mümkün deyil. Bütün tərəflər İranın bu danışıqlara ehtiyac duyduğu reallığını qəbul etmiş vəziyyətdədir. Mühafizəkar qruplar arasındakı fikir ayrılığı da bundan qaynaqlanır. 10 il öncəki nüvə razılaşmasından fərqli olaraq, bu dəfə mühafizəkarlar yekdil şəkildə danışıqlara qarşı çıxmırlar. Amma hələ də “dik durmaq” və qürur səbəbi ilə bu prosesi fərqli səbəblərlə və təriflərlə şərh edirlər. Məsələn, İranın taleyinin bu danışıqlardan asılı olduğu düşüncəsinə şiddətlə qarşı çıxan mühafizəkar aktorlar, bu prosesin əvvəllər də dəfələrlə aparıldığını xatırladır və bu dəfəki danışıqları adi və təkrar olunan bir proses kimi təqdim etməyə çalışırlar. Danışıqların gedişatına uyğun olaraq İran daxilindəki aktorların da mövqelərini dəyişəcəyi ehtimalı unudulmamalıdır.
Asif Cəfərov
Ordu.az