Lakin məsələ ilə bağlı bəzi şübhələr var. Bu şübhələr ABŞ və İran arasında birbaşa problem olduğuna, daha dəqiq desək, İsrailin Ağ Evə təsir cəhdlərinə əsaslanır. Ən azı, bu kontekstdə ABŞ-nin nüfuzlu “The Washington Post” qəzetində yayımlanmış bir yazı diqqətəlayiqdir. Yazıda bildirilir ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Volts məhz İsrailin Baş naziri Benyamin Netanyahunun yanaşmalarını administrasiya daxilində lobbi etməyə çalışdığı üçün vəzifədən uzaqlaşdırılıb.
Netanyahunun İranla bağlı mövqeyi isə məlumdur: maksimum təzyiq və güzəştə yer olmayan sərt siyasət. Bu baxımdan, ABŞ-İran danışıqlarının dördüncü raundunun təxirə salınması məhz belə təsir cəhdlərinin yaratdığı müəyyən gərginliyin nəticəsi kimi qiymətləndirilə bilər.
Bu kontekstdə Rusiya Prezidenti Putinlə İran Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığı xüsusilə diqqət çəkir. Kreml tərəfindən yayımlanmış rəsmi məlumatda Putinin ABŞ-İran dialoqunun irəliləməsinə dəstək verməyə hazır olduğunu bildirməsi, bunun beynəlxalq hüquq prinsiplərinə əsaslanan ədalətli razılaşmaya nail olunması məqsədi daşıdığını vurğulaması xüsusi maraq doğurur. Bu, həm də sual doğurur: görəsən, İran Prezidenti həmin danışıqda ABŞ ilə danışıqlarda yaranan çətinliklərdən Rusiyaya şikayətlənib? Yoxsa Putin sadəcə İranla əvvəlki razılaşmalara sadiq qaldığını və Tramp administrasiyası ilə fərqli bir yol xəritəsi müzakirə etmədiyini bildirmək istəyib?
Eyni zamanda, bu telefon danışığı İranın nüvə proqramı və ümumi beynəlxalq proseslər kontekstində daha geniş mənzərə fonunda baş verir. Belə ki, ABŞ və Türkiyə prezidentləri arasında da telefon danışığı olub, həmçinin Rusiya Prezidenti Hindistanın Baş naziri ilə də əlaqə saxlayıb. Bu isə onu göstərir ki, regional diplomatiya təkcə İranın nüvə məsələsi ilə məhdudlaşmır.
Əlavə olaraq qeyd edilməlidir ki, Hindistan və Pakistan arasında artan gərginlik fonunda İranın xarici işlər naziri İslamabadda səfərdə olub. Bu isə onu göstərir ki, regional diplomatik “turne”nin miqyası daha genişdir. Tramp Türkiyə Prezidenti Ərdoğanla danışığında Ukraynada sülhə nail olunmasında Ankaranın dəstəyinə ümid etdiyini bildirib. Eyni vaxtda isə Putin İrana dəstəyini bir daha ifadə edib.
Buradan haqlı sual doğur: Trampın Ukrayna məsələsində əsas rolu Ankaraya vermək istəməsi Moskvanın narazılığına səbəb olur? Yaxud Pezeşkiana bu barədə məlumat verilib ki, bu niyyətlər İran ətrafında güclər balansını prinsipial olaraq dəyişməyəcək?
Asif Cəfərov
Ordu.az